EN

“Bu, xalqımızın milli sərvəti və gələcəyə inamının simvoludur” – Açıqlama

“Azərbaycan dövlətçilik tarixində müstəqillik və suverenlik anlayışları hər zaman xalqımızın milli ideallarının, ictimai-siyasi arzularının mərkəzində dayanıb. Əsrlər boyu müxtəlif imperiyaların və yadelli qüvvələrin təsirinə məruz qalmış xalqımız müstəqillik yolunda ağır sınaqlardan keçmiş, milli iradəsini qorumaq naminə böyük fədakarlıqlar göstərib. Tarixin bütün çətinliklərinə baxmayaraq, xalqımız heç vaxt azadlıq və dövlətçilik amalından vaz keçməyib, müstəqil yaşamaq əzmini qoruyub saxlayıb. Müstəqil dövlət yaratmaq və onun suverenliyini təmin etmək hər bir xalqın ən böyük tarixi nailiyyətidir. Azərbaycan xalqı da bu ali məqsədə nail olmaq üçün uzun və mürəkkəb mübarizə yolu keçib.

Müstəqilliyimizin bərpası ilə başlanan yol 30 ildən artıq torpaq həsrəti, işğal və sınaqlarla müşayiət olunsa da, nəticədə bu gün ölkəmiz tam suveren dövlət kimi dünya birliyində layiqli yerini tutub”.

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətini şərh edərkən deyib.

Deputat bildirib ki, suverenlik dövlətin daxili və xarici siyasətdə tam müstəqilliyə malik olması, başqa dövlətin hakimiyyətindən asılı olmaması deməkdir:
“Beynəlxalq hüquqa görə, suveren dövlətin əsas atributları müəyyən ərazi, daimi əhali, ali hakimiyyət orqanları və digər dövlətlərlə münasibət qurmaq imkanlarıdır. Bu baxımdan, Azərbaycan Respublikasının bütün sərhədləri daxilində suverenliyini təmin etməsi xalqımızın milli dövlətçilik iradəsinin təntənəsidir.

Azərbaycanın dövlət suverenliyi uğrunda mübarizəsi uzun illər davam edib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmiz ciddi sınaqlarla üzləşib. Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edib, xalqımıza qarşı etnik təmizləmə həyata keçirib, mədəni və dini irsimizi dağıdıb. Lakin beynəlxalq hüququn bütün prinsipləri Azərbaycanın haqlı mövqeyini təsdiqləyirdi.

2020-ci ildə Ermənistanın başladığı hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində möhtəşəm Qələbə qazandı. İşğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi, Ermənistan ordusu darmadağın olundu. Beləliklə, Azərbaycan 30 ilə yaxın icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Bu tarixi Zəfər dövlət suverenliyinin bərpası yolunda mühüm mərhələ oldu.

Lakin qarşıda hələ vacib vəzifələr qalırdı – suverenliyin bütün ərazilər üzrə tam təmin edilməsi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri nəticəsində qondarma separatçı rejimin fəaliyyətinə son qoyuldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatlarda Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma qurum özünü buraxdığını elan etdi və bununla da dövlətimizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu qərar Azərbaycanın müstəqillik yolunda keçdiyi şanlı mübarizənin və əldə etdiyi qələbələrin təqvimdə rəsmi şəkildə əbədiləşdirilməsi deməkdir. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi isə dövlətimizin hüquqi-siyasi əsaslarını möhkəmləndirmək və milli kimliyi daha da gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Suverenlik yalnız hüquqi anlayış deyil, həm də xalqın milli ruhunu, tarixi yaddaşını və müstəqil gələcəyini ifadə edən ali dəyərdir. Bu gün Azərbaycan xalqı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün ərazilərimiz üzərində dövlət suverenliyi tam təmin olunub, sərhədlərimiz bütöv və toxunulmazdır. Bu, ölkəmizdə sabitliyin möhkəmlənməsi, iqtisadi yüksəlişin sürətlənməsi və beynəlxalq nüfuzun artması üçün yeni imkanlar açır. Dövlət suverenliyi xalqımızın milli sərvətidir. Bu sərvəti qorumaq və möhkəmləndirmək hər bir vətəndaşın müqəddəs borcudur.

Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər – 44 günlük müharibədə Qələbə, 2023-cü ilin antiterror tədbirləri və suverenliyin tam bərpası – ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb”.

Deputat əlavə edib ki, 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də Azərbaycan xalqının birliyinin, dövlətçilik iradəsinin və gələcəyə inamının simvoludur:
“Bu gün ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında yeni bir dövr başlayır. Azərbaycan xalqı dövlətçilik ənənələrinə sadiq qalaraq suverenliyini daim qoruyacaq və möhkəmləndirəcək”.

Mürtəza

Chosen
15
1
olke.az

2Sources