EN

Detoks sağlamlıq üçün faydalıdır? -

Son illərdə sağlam həyat tərzi və ideal bədən quruluşuna sahib olmaq arzusu bir çox insanı müxtəlif üsullar axtarmağa yönəldib. Bu üsullar arasında ən çox diqqət çəkənlərdən biri də detoks proqramlarıdır. Maraqlıdır, bəs detoks proqramları həqiqətən də faydalıdırmı?Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, detoks yalnız mütəxəssis nəzarətində tətbiq olunmalıdır: “Detoks, orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsi, həmçinin yağlı qidaların həzmini yaxşılaşdırmaq məqsədilə tətbiq olunan vasitələrdir. Lakin detoks proqramlarını mütəxəssis olmayan şəxslər təyin edə bilməz. Bu, tibbi baxımdan qadağandır. Bəzi televiziya kanallarında müxtəlif detoks çayları və məsləhətlər göstərilir. Bu düzgün deyil və yalnız reytinq toplamaq məqsədilə edilir. Hər bir insan fərdidir və onun öz xüsusiyyətlərinə uyğun proqram hazırlanmalıdır”.Dietoloq qeyd edib ki, müalicə baxımından fərdi detoks çayları və xüsusi reseptlər mövcuddur:“Öncəliklə pasiyent müayinə olunur və piylənmənin səbəbi araşdırılır. Piylənmədən əziyyət çəkənlərlə yanaşı, qastroenteroloji problemi olanlar da müraciət edirlər. Pasiyentlərlə ilk növbədə psixoloji söhbət aparılır. Şikayət varsa, ona əsasən qan analizləri və daha geniş müayinə təyin olunur. Nəticədə, yaşadığı ölkə, iqlim, keçirdiyi xəstəliklər və analizlərin nəticələrinə əsaslanaraq fərdi proqram hazırlanır. Məsələn, detoks çayının tərkibində zəncəfil ola bilər. Lakin pasiyentin bağırsaq xorası varsa, bu ona zidd olar. Televiziya kanallarında təqdim olunan məsləhətlər insanlara ağır fəsadlar verə bilər. Birinin mədəsində ciddi problemi, başqasının isə Haşimoto xəstəliyi ola bilər. Haşimoto xəstələrinə xüsusi proqramlar təyin olunur. Eyni zamanda, piylənmədən əziyyət çəkən və təzyiq problemi olan pasiyent üçün çay onun təzyiqini artırmadan seçilir. Bəzən tərkibdəki bitkilər təzyiqi salmaq üçün nəzərdə tutulur, lakin pasiyent artıq hipotoniya xəstəsidirsə, diqqətlə seçilməlidir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Chosen
15
1
metbuat.az

2Sources