Vətən müharibəsinin şəhidi, kapitan Ruhin Xəlilovun oğlu Tunar da bu gün ilk dəfə məktəb qapısını açıb.
Day.Az Modern.az-a istinadən xəbər verir ki, şəhid oğlu məktəbə atasının məzarını ziyarət etməklə yollanıb. Bu ziyarət zamanı onu bacıları Qönçə və Melisa müşayiət edib.
Şəhid Ruhin Xəlilov Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu idi. O, Vətən müharibəsinin ilk günlərindən könüllü cəbhəyə getmişdi.
R.Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək 2020-ci il oktyabrın 21-də şəhid olub.
Ruhin Xəlilov 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində doğulub. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirib. Bakı Asiya Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Goranboy rayonunda "N" saylı hərbi hissədə xidmət edib.
Sonralar Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub. Ədliyyə kapitanı idi. Vətən müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Vətən uğrunda", "Qubadlının azad olunması görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Bundan əlavə, ədliyyə naziri tərəfindən ona İcra Baş İdarəsinin "Fəxri Ədliyyə İşçisi" adı verilib.
Ruhin Xəlilovun adına Xırdalanda küçə veriblər. Şəhidin iki qızı, bir oğlu yadigar qalıb.