EN

Çində casusluqda ittiham olunan iki şəxsə qarşı cinayət işi dayandırıldı

Ajans.az BBC-ə istinadən xəbər verir ki,30 yaşlı Keş və 33 yaşlı Berri əvvəlcə Rəsmi Məxfilik Aktına əsasən dövlət təhlükəsizliyinə zərər verə biləcək məlumatların toplanması və ötürülməsində ittiham olunmuşdular. Onlar 2021-ci ilin dekabrından 2023-cü ilin fevralınadək dövrü əhatə edən iddiaları rədd etmiş və günahsız olduqlarını bildirmişdilər. İttihamların ləğvi qərarı Londonun Old Bailey məhkəməsində elan olunub. Prokuror Tom Littl bildirib ki, toplanan sübutlar işin məhkəməyə qədər davam etdirilməsinə kifayət etmir. O qeyd edib ki, “bu işi təqib etməyə davam edə bilmərik”. Keş məhkəmə sonrası verdiyi açıqlamada iki illik prosesi “kabus” adlandırıb və ədalətin bərqərar olunmasından dolayı məmnunluğunu ifadə edib. Britaniya Daxili İşlər Nazirliyi qərarın “məyusedici” olduğunu desə də, dövlətin təhlükəsizliyinin qorunması üçün bütün hüquqi vasitələrin tətbiq olunacağını bəyan edib. Keşin Böyük Britaniya parlamentində Çin üzrə Tədqiqat Qrupu ilə işlədiyi və bir sıra Mühafizəkarlar Partiyası üzvləri ilə əlaqəli olduğu bildirilirdi. Müdafiə tərəfi isə onun həmkarlarının ittihamlara inamsızlıqla yanaşdığını bildirib. Qeyd edək ki, Çin səfirliyi məsələyə münasibət bildirərək ittihamları “uydurma” və “anti-Çin siyasi manipulyasiya” adlandırmışdı. Son illərdə Böyük Britaniya hakimiyyəti Çindən qaynaqlanan casusluq təhlükəsinə qarşı daha sərt addımlar atmaqda davam edir. Lakin bu işin bağlanması bəzi hüquq ekspertləri tərəfindən casusluq ittihamlarının sübutsuz irəli sürülməsi ilə bağlı narahatlıq kimi qiymətləndirilir.

 

Chosen
20
Ajans.az

1Sources