Sentyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində olub.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyi məlumat verib.
İşğaldan azad edildikdən sonra bu il ilk dəfə tədris prosesinə başlayan məktəbdə nazir dərs gedişatını izləyib, şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb.
Görüş zamanı Emin Əmrullayev şagirdləri yeni dərs ilində uğurlar əldə etməyə, müəllimləri isə gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verməyə səsləyib. Nazir həmçinin işğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasının önəmini vurğulayıb.
Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Xıdırlı kənd tam orta məktəbində 2025-2026-cı tədris ilində 123 şagird təhsil alacaq. Onlardan 11 nəfəri birinci sinif şagirdidir. 9 uşaq isə məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.