İndi Marko Yankoviç havası əsir «Qarabağ»da.
Bir o yana, bir bu yana.
Külək tez-tez istiqamətini dəyişir. Tutmaq olmur onu.
Marko «Qarabağ»ın ən önəmli oyunçularından biridir. O, meydanda olanda, «Qarabağ» oyunu ilə göz oxşayır.
Monteneqrolu top üzərində hakimiyyəti, sürəti, driblinqləri, zərbələri, öütrmələri ilə hamının ürəyini oxşayır - komanda yoldaşlarının və məşqçilərinin də, publikanın da.
Marko yaşıl sahədədirsə, «12-ci oyunçu» tribunada rahat əyləşir, bilir ki, o, nəsə edəcək, çiyindaşlarının karına gələcək, onları irəli aparacaq.
«Qarabağ»ın ondan hələ-hələ vaz keçməyəcəyini Marko da gözəl anlayır. Yerinin möhkəm olmasına adı kimi əmindir. Bu isə bəzən ona yaxşı təsir göstərmir.
Özündən tez çıxır son vaxtlar. «Ferensvarolş»la səfər oyununda Pedro Bikalyoya deyinməsi bir.
O gün «Zirə» ilə qarşılaşmada baş hakimin arxasınca yerə tüpürməsi iki.
Rəşad Əhmədov epizodu görmədi, yoxsa Yankoviçə sarı vərəqəni göstərmək üçün 75-ci dəqiqəni gözləməzdi, atardı birbaşa bayıra. Qurban Qurbanov yaxınlaşan təhlükəni hiss etdi, Markonu aldı oyundan.
Bu, təhlükəli tendesiyadır. Artıq neçənci dəfədir təkrar olunur.
Məğlub duruma düşmək Yankoviçin əsəblərini tarıma çəkə bilər, ancaq bir yanlış hərəkət və ya söz «Qarabağ»a ondan da baha başa gələcək - baş məşqçinin bunu futbolçusuna deməsi, anlatması, ayıltması lazımdır.
Sözdən anlamaz, cəza tədbirindən anlayar. Bundan da anlamaz, ehtiyat skamyada onun üçün boş yer ayrılar.
Hər halda Qurbanovun Marko dərdinə bir əncam qılması mütləqdir. Haradasa daha pis fəsad verəcək yoxsa.
MUSA