EN

Qanunsuz balıqçılıqla bağlı subsidiyaların dayandırılması barədə qlobal saziş qüvvəyə minib

Berlin, 15 sentyabr, AZƏRTAC

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) balıq ehtiyatlarının qorunması məqsədilə okeanlarda aparılan nizamsız balıqçılığa son qoyulması barədə qlobal sazişi qüvvəyə minib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, sazişə əsasən, qeyri-qanuni və nəzarətsiz balıqçılıq fəaliyyəti ilə məşğul olan donanmalara və beynəlxalq sularda aparılan nəzarətsiz balıqçılığa subsidiyaların verilməsi qadağan olunur.

Qlobal balıqçılıq sazişi ÜTT-nin 166 üzvündən üçdəikisi tərəfindən ratifikasiya edildiyi üçün artıq qüvvəyə minib. Son olaraq Braziliya, Vyetnam, Keniya, Tonqa, Oman və Mali sənədi ratifikasiya edib. Avropa İttifaqı, Çin və ABŞ da sazişə qoşulub, lakin Hindistan və İndoneziya kimi böyük balıqçılıq donanmalarına malik ölkələr hələlik bu prosesdə iştirak etmirlər.

Hesab edilir ki, bu qərar balıq məhsullarının qiymətinə birbaşa təsir göstərməyəcək. Dünya üzrə balıqçılığa ayrılan subsidiyaların illik həcmi 35 milyard dollar dəyərləndirilir. Bunun 22 milyard dolları ov gücünü artırmaq üçün ayrılan subsidiyalar təşkil edir. Ən iri subsidiya verən ölkələr Çin, Avropa İttifaqı, ABŞ, Cənubi Koreya və Yaponiya hesab olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, yoxlanılan 2500-dən çox balıq ehtiyatının 35,5 faizi həddindən artıq istismar olunub.

Saziş 2022-ci ilin iyununda ÜTT-nin Cenevrədə keçirilən 12-ci nazirlər konfransında qəbul edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
25
2
azertag.az

3Sources