EN

Bakıda yolsuzluq problemi - FOTO

Paytaxtda  gündəlik istifadə olunan piyada yollarının  dağınıq olması artıq problemə çevrilir.  Piyadalar üçün nəzərdə tutulan yollar mərkəzi küçələrdə - Rəşid Behbudov və Füzuli küçələrində belə bərbad duruma düşüb.

Həmin küçələrdən çəkdiyimiz fotolara baxanda mənzərə aydın görünür. Daşlar yerindən çıxıb, alt qatı dağılıb, bərbad vəziyyətdə olan yollar piyadalara xidmət etmək əvəzinə, onlara problem yaradır. Bir vaxtlar pandus əvəzinə sadəcə bir neçə daşı yan-yana düzüb, sementlə üstünü maili hala salmışdılar. İndi həmin panduslar tamamilə dağılıb, altındakı daşlar üzə çıxıb. Bu vəziyyətdə nə əlil arabası, nə də uşaq arabasıyla hərəkət etmək mümkündür. Ən pisi isə odur ki, kanalizasiya lyukları ciddi dərəcədə çöküb və bəzən qaranlıqda insanlar bilmədən həmin çuxurlara düşürlər.

Füzuli küçəsində vəziyyət daha da acınacaqlıdır. Dayanacaq ərazisində yol daşları tamamilə çıxıb. Yağış yağanda həmin yerlər gölməçəyə çevrilir. Sərnişinlər avtobusu gözləmək üçün məcbur olub avtomobil yoluna keçir. Bu isə həm təhlükə yaradır, həm də yollarda əlavə sıxlığa səbəb olur.

Məsələni şərh edən memar Cahid Həsənov bildirdi ki, paytaxtın səkiləri ümumiyyətlə, memarlıq və şəhərsalma qaydalarına uyğun hazırlanmayıb:

“Piyada yollarının döşəməsində istifadə olunan materiallar tez sıradan çıxır. Bəzən keyfiyyətsiz olduğuna görə, bəzən də obyekt və mağaza sahibləri öz maraqlarına uyğun materiallardan istifadə etdiklərinə görə vəziyyət bu hala düşür. Halbuki hər küçəyə, hər əraziyə uyğun olaraq ayrıca standartlar qəbul edilməlidir. Bu standartlarda daşın ölçüsü, növü, rəngi və davamlılığı göstərilməlidir. Əks halda hər kəs öz bildiyi kimi yol düzür və nəticədə indiki mənzərə yaranır. Məsələn, çox vaxt elə sürüşkən daşlardan istifadə edirlər ki, yağış yağanda piyadalar yıxılıb xəsarət alır”.

Memar piyada yollarında ən çox diqqətdən kənarda qalan məsələnin panduslar olduğunu deyir:

“300-500 metrlik məsafədə yol daşlarının dəyişməsi nəticəsində süni pilləkənlər yaranır. Pilləkənlər düzəldilir, amma panduslar nəzərə alınmır. Halbuki piyada yolunun əsas elementi məhz pandus olmalıdır. Panduslar yalnız kağız üzərində yox, real istifadəyə uyğun olmalıdır. Hündürlüyü, maililik dərəcəsi beynəlxalq standartlara cavab verməli, əlillər, yaşlı insanlar, uşaq arabası sürən valideynlər rahat şəkildə istifadə etməlidirlər. Əgər bu təmin olunmursa, belə yollara piyada yolu demək sadəcə formal ifadədir. Piyada yolunun mahiyyəti əlçatanlıqdır ”.(musavat)

Chosen
26
5
avtosfer.az

6Sources