EN

Tehran xəyal qurur, Təl-Əviv plan - Fələstin xalqı faciə yaşayır

Fələstin məsələsi yalnız Yaxın Şərqin deyil, bütövlükdə dünya siyasətinin ən uzunömürlü və ən faciəli münaqişəsidir. Siyasət meydanında müxtəlif dövlətlərin fərqli maraqları toqquşur, hər kəs öz versiyasını irəli sürür. Amma bu oyunda ən çox itirənlər hər gün evsiz, aclıq və bombardman altında qalan fələstinlilərdir. İranın “Fələstinin hamısı ərəblərin olmalıdır” tezisi zahirdə radikal dəstək təsiri bağışlasa da, əslində bu mövqeyin nə qədər reallıqdan uzaq olduğu hər keçən gün daha qabarıq görünür. Çünki arzu ilə siyasət, ideologiya ilə gerçəklik arasında böyük bir uçurum var.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, İranın Fələstin məsələsinin iki dövlətli çözüm variantının müzakirəsinə qatılmamasına diqqət çəkərək “Azərbaycanı Fələstin məsələsində İsraili dəstəkləməkdə ittiham edən İranın nə əcəb bu müzakirələrdən yayınır” sualını verir.

OGUZ.jpeg

Deyir ki, sosial şəbəkədə bu mövzuda açdığı müzakirətə cavabı İrandan gözləsə də, Azərbaycanda Əfqan İsgəndərov adlı bir sosial şəbəkə istifadəçisindən alıb. “İran İsraili dövlət kimi tanımır, onun Fələstin dövləti ilə birgə təsdiqi üçün necə səs versin?”, deyə Əfqan İsgəndərov bildirib.

Qısası, İran adından məsələyə münasibət bildirən eloğlumuz etiraf edir ki, Tehran həqiqətən də Fələstin məsələsinin iki dövlətli həllində maraqlı deyil. Çünki İsraili bir dövlət kimi tanımır. Yəni İsrailin bütövlüklə Fələstinə verilməsini tələb edir. İlk baxışdan İranın bu mövqeyi həqiqətən də fələstinlilərin lehinə görünür. Və hardasa haqlıdır da. Baxmayaraq ki, hətta Quran və digər müqəddəs kitablar Kənan adlanan ərazilərdə Allah tərəfindən yəhudilərə vəd olunmuş torpaqlardan bəhs edir. Məntiqlə, deməli onların da Allahın bəxş etdiyi ərazilərdə yaşamaq hüququ var. Amma deyək ki, İran İslam Respublikası Quranın bəhs etdiyi bu əraziləri tamamilə başqa coğrafiyalarda axtarır. Ona görə də yəhudilərin indi ələ keçirdiyi əraziləri Fələstinlilərə verilməsini arzulayır.

Arzu tamamilə başqa şeydir, reallıq başqa şey. Ona qalsa, Rusiya da dünyanın yarısını, hətta hamısını özünün imperiya əraziləri tanıyır və Putin mətbuat konfranslarından birində guya bir uşağın sualını cavablandırarkən bu arzusunu dilə gətirərək demişdi: “Rusiyanın sərhədləri heç harda qurtarmır”. Yəni bütün dünya bizimdir. Yaxud, Hitler də doğum günü mərasimində üzərində dünyanın xəritəsinin əks olunduğu tortu kəsmiş, Bakının neft buruqlarının yer aldığı hissəsini öz qabağına qoymuşdu. Təbii ki, bu da Hitlerin faşist arzusu idi. Reallıq isə bundan ibarətdir ki, nəinki Hitlerin, tarix boyu heç bir alman diktatorunun ayağı Abşeron yarımadasına dəyməyib və inşallah, qiyamətə qədər də dəyməyəcək. Eynilə, xəyalən dünyanın hamısına yiyələnən Putin də 4 ildir girdiyi Ukrayna bataqlığında çabalamaqla məşğuldur. Və yəqin ki, elə çabalaya-çabalaya da tarixin bataqlığına qərq olacaq”.

Heydər Oğuz bildirib ki, Fələstinə gəlincə, sözsüz ki, hər bir müsəlmanın arzusu İsrailin tamamilə Fələstinə verilməsi ola bilər:

“Amma bugünkü reallıq isə başqadır. Fakt budur ki, tarixin heç bir anında hansısa ərazilərə xəyal qura-qura yox, savaşa-savaşa sahib ola bilərsən. Lakin apardığın savaş da nəticə yönümlü olmalıdır. Bu gün heç bir müsəlman ölkənin real şəkildə dəstəkləməyə cəsarət edə bilmədiyi Fələstin xalqı İsrailin, ABŞ-ın ən müasir silahları qarşısında soyqırımla üz-üzədir. Ərəb və digər müsəlman dövlətləri, o cümlədən İran da kənardan bu qətliamları izləyə-izləyə, ancaq özlərinin eşidə biləcəyi tonda bəyanatlar verə-verə, beynəlxalq toplantıları boykot edə-edə qapılarını da o zavallı insanların üzünə bağlayır, ov sahəsindən çıxmasını əngəlləyirlər. Bu mənada fələstinlilərin soyqırımında sionizmlə, demək olar ki eyni cınayəti törədirlər. Zira həlli olmayan bir tənliyin çözümü üçün milyonlarla insanı qurban verməyə razı olmaq da soyqırımda iştirak deməkdir.

O ki qaldı sentyabrın 12-də BMT Baş Assambleyasında müzakirəyə çıxarılan iki dövlətli çözüm təklifinə, bu, heç də Fransa və Səudiyyə Ərəbistanının beyninin məhsulu deyil. Təklif bu ölkələr tərəfindən irəli sürülsə də, onun ortaya çıxma tarixi İsrailin təsis olunduğu 1947-ci ilə qədər uzanır. II Dünya Müharibəsindən sonra, konkret olaraq 29 noyabr 1947-ci il tarixində BMT Baş Assambleyasında qəbul olunan 181 saylı Qərara görə, Fələstin torpaqları yəhudilərlə ərəblər arasında bölünməlidi idi. Ərazinin 56,47%-i yəhudi dövlətinə, 43,53%-nin isə ərəb dövlətinə veriləcəkdi. Fəqət bu ədalətsiz təklifə ərəb ölkələri haqlı olaraq qarşı çıxdılar. O gündən indiyədək dəfələrlə baş verən bütün Ərəb-İsrail savaşları ABŞ-ın dəstəyi İsrail qazanıb. Sonunda 1990-cı illərdə SSRİ-nin dağılması ilə potensial himayədarını itirən və müsəlman dünyasının da bir işə yaramayacağını anlayan Fələstin Azadlıq Təşkilatı İsraillə savaşmağın faydasızlığını nəzərə alıb BMT-nin təklif etdiyi Planla razılaşmaq zorunda qaldı.

1993-cü ildə İsrail rəsmiləri ilə FAT lideri Yasir Ərəfat Norveçin vasitəçiliyilə Oslada keçirilən danışıqlarda iki dövlətli çözümün konturları müəyyənləşdi. Bununla belə, Osla prinsiplərini nə yəhudilər, nə də əksər fələstinlilər qəbul etmədi. Beləcə, HƏMAS da fələstinlilərin və İran kimi müsəlman dövlətlərin bu etirazı əsasında yarandı və bu günə qədər İsrailə qarşı mübarizəyə rəhbərlik etmək xəttini tutdu. 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın keçirdiyi “Əqsa tufanı” əməliyyatı İsrailin Fələstini ərəbsizləşdirmə strategiyasının ən ümdə bəhanəsinə çevrildi. Əməliyyatdan sonra İsrail ordusu özünün indiyədək davam edən soyqırım siyasətini davam etdirir. Rəsmi Təl-Əviv faktiki olaraq Fələstini ərəblərdən təmizləmək istəyir, Fransa və Səudiyyə Ərəbistanı bu planın qarşısını almaq niyyəti ilə iki dövlətli çözüm təklifini yenidən gündəmə gətirib.

Sözsüz ki, Səudiyyə Ərəbistanından fərqli olaraq, rəsmi Parisin bu məsələdə mövqeyi birmənalı deyil. O, İkinci Dünya Savaşından sonra O, İkinci Dünya Savaşından sonra öz payına düşən bölgədə söz haqqını bərpa etməyə çalışır. Amma Fransanın bu planını yaxına buraxmaq istəməyən ABŞ və İsrail kimi dövlətlər təklifə qarşı çıxırlar. İran da baş tutmayacaq duaya amin deyərək, dolayısıyla ABŞ və İsrailin yanında yer alır. Fələstində isə Qəzzada yaşayan 1.2 milyon insan İsrail ordusunun bombardmanı altında həm də aclıqla imtahana çəkilirlər. Tel-əviv Qəzzadan sonra İordaniya çayının sağ sahillərini də hədəfə alacağını gizlətmir. Bu durumda fələstinliləri ölümdən xilas edə biləcək yeganə yol var: İslam dövlətləri ya əllərinə silah alıb Fələstin uğrunda savaşmalı, ya da beynəlxalq ictimaiyyətə təzyiq göstərib onu iki dövlətli çözümə məcbur etməlidirlər. Fələstində hazırda mövcud olan reallıq budur. İsrailin yəhudilərdən təmizləmək və tarixi Fələstini yenidən inşa etmək isə indiki situasiyada şirin xülyalardan başqa bir şey deyil”.

Siyasi şərhçi deyib ki, yaranmış situasiyanın ən pis tərəfi isə odur ki, İsrail ikidövlətli çözüm variantından get-gedə uzaqlaşır:

“1992-ci ildə İsrail parlamentinin hardasa yarısı bu planı dəstəkləyirdisə, 2022-ci ildəki seçkilərdən sonra mandat qazananlar arasında, demək olar, güzəşətə hazır olanların sayı barmaqla sayılacaq qədər azdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
28
3
musavat.com

4Sources