EN

7 körpənin öldüyü yanğınla bağlı cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Day.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər ifadə verib.

Mərkəzdə xadimə çalışan, şahid qismində tanınan Yeganə Əhmədova bildirib ki, təqsirləndirilən şəxsləri tanıdığını və mərkəzdə 6-7 ay müddətdə çalışırmış:

"Hadisə zamanı mən növbətçiydim. Reanimasiya otağını təmizlədikdən sonra mətbəxə keçdim. Validə xanım otaqda yanğının baş verdiyini dedi. Tez otağa gəldik. Küvezdən alov qalxdığını gördük. Yanğını söndürməyə başladıq. Yanğın söndürülməsi ilə bağlı biz təlim keçmişik".

Şahidin istintaqa verdiyi ifadədə ziddiyyət olsa da, məhkəmədəki ifadəsini təsdiq edib.

Şahid qismində tanınan Asif Dadaşov ifadə verib.

O, bildirib onun işi işim elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsi , panellərdəki elektrik xəttinə və elektrik yuvalarına baxmaq, onları dəyişmək olub.

"Şöbələrdə nəyisə dəyişmək olurdusa, mən gedib gedirdim. Hər şöbənin öz müdiri nəyisə dəyişmək lazım olduqda göstəriş verib".

Şahid bildirib ki, mərkəzdə qısa qapanma hadisələri əvvəl də olub.

Hüquqi varis Emil Abasəliyev məhkəmədən təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı qurumlara sorğu göndərilməsini istəyib.

Məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində "polis nəzarəri altına vermə" qətimkan tədbiri olsa da, o iki dəfə ölkə xaricində olub.

O, bununla heç yerə məlumat verib.

Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkili xarici ölkəyə çıxışında məhdudiyyət yoxdur:
"Kredit borcun gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə bir qadağa olsaydı, onun çıxışı mümkün olmazdı".

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib. Ölkəni tərk etmək üçün aidiyyatı qurumlara məlumat verməli olduğundan xəbərdar olmadığını məhkəməyə bildirib.

Məhkəmənin növbəti iclası 29 sentyabrda baş tutacaq.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Chosen
4
33
day.az

10Sources