EN

Məktəbli çantasına bu qidalar qoyulmamalıdır

Valideynlərin ən çox düşündüyü məsələlərdən biri də övladlarının düzgün qidalanmasıdır. Uşaqlar dərs vaxtı ac qalmasın deyə onlara evdən yemək hazırlanır. Amma yadda saxlamaq lazımdır ki, düzgün seçilməyən və uzun müddət çantada qalan qida həm tez xarab olur, həm də sağlamlıq üçün risk yaradır.Qida üzrə mütəxəssis Məhsəti Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, isti havalarda valideynlər uşaqların çantasına yüksək risk qrupuna aid məhsullar – toyuq, ət və süd qoymamalıdırlar. Onun sözlərinə görə, 25 yaşa qədər inkişafda olan orqanizm gündəlik olaraq 70-ə yaxın makro və mikroelement qəbul etməlidir: “İnkişaf məktəb illərində daha da sürətlənir. Uşaqlar səhər yeməyi qəbul etməlidirlər, lakin dərslərin tez başlaması səbəbindən bir çox şagird iştahsız olur. Orqanizm özünü topladıqdan sonra qida qəbul edilməlidir. Təəssüf ki, uşaqlar bu vaxt paketlənmiş qidalar və qazlı içkilərə üstünlük verirlər ki, bu da sağlamlıq üçün təhlükəlidir. Daha düzgün seçim evdən gətirilən sadə sendviçlərdir, məsələn, pendirli və ya cəmlə hazırlanmış çörəkarası”.Mütəxəssis əlavə edib ki, məktəblinin yanında sadə su, badam və qoz kimi çərəzlərin olması faydalıdır: “Bunlar yaddaşı gücləndirir, aktivliyi artırır. Şagirdlər gündə azı bir ovuc çərəz və iki mövsümi meyvə yeməlidirlər. Rəngli qazlı içkilərdən isə tamamilə uzaq durmaq vacibdir”.Hüseynovanın sözlərinə görə, valideynlər xüsusilə ibtidai sinif şagirdlərinin sağlam qidalanmasına nəzarət etməlidirlər. Məktəb üçün yeməklər polietilen paketlərdə deyil, şüşə və ya xüsusi qida qablarında daşınmalıdır: “Polietilen paketlərin tərkibində olan bisfenol A maddəsi isti şəraitdə xərçəngə səbəb ola biləcək maddələr ifraz edir. Həmçinin rəf ömrü uzun olan məhsullar qida dəyərini itirir və əlavə qatqılarla zəngin olur ki, bu da uşaqlar üçün zərərlidir”.Ekspert vurğulayıb ki, uşaqların idman dərslərində tez yorulması və ya yaşıdlarına nisbətən zəif fiziki aktivlik göstərməsi də düzgün qidalanmamanın nəticəsidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
21
1
metbuat.az

2Sources