EN

Bakı-İrəvan münasibətləri: İkitərəfli əlaqələr Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurdur

"Ermənistanla ikitərəfli əlaqələrin olması Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğur kimi dəyərləndirilməlidir".

Bu sözləri Azərbaycanla Ermənistan arasındakı mövcud siyasi gedişatı şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq uzun müddətdir Azərbaycan və Ermənistan arasında ikitərəfli kommunikasiyalar mövcuddur. Bu kommunikasiyalar həm də ikitərəfli hökumət nümayəndə heyətlərinin formalaşması, demarkasiya və delimikasiya kommisiyalarının formalaşması qismində davam etməkdədir:

"Kommisiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və eləcə də Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir. Bu nümayəndə heyətlərinin bir neçə dəfə sərhəd bölgəsində görüşləri olub. Görüş çərçivəsində demarkasiya və delimikasiya məsələlərinin müzakirəsi aparılıb. Eyni zamanda görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sərhəd zolaqlarının gələcəkdə uyğunlaşdırılması və sərhəd bölgələrində ərazilərin minalardan təmizlənməsi müzakirə olunub. Unutmayaq ki, Azərbaycanın 4 kəndi, yəni Qazaxın 3, Naxçıvanın Kərki kəndi Ermənistanın nəzarətindədir. Bu məsələlər birmənalı şəkildə müzakirə mövzusudur. Bundan başqa, 8 avqust Vaşinqton razılaşmasında əldə olunan məsələlər əlavə müzakirə predmetidir".

Deputat hesab edir ki, demarkasiya və delimikasiya məsələlərində kifayət qədər razılaşdırılmalı olan mövzular var. Bu mövzulardan biri də kommunikasiya qovşağının açılacağı ilə bağlı Vaşinqton razılaşmasından sonra irəli gələn məsələlərdir.

Arzuxan Əlizadə: Demarkasiya və delimikasiya məsələlərində kifayət qədər razılaşdırılmalı olan mövzular var

Müsahibimiz əlavə edib ki, gələcəkdə Azərbaycanla Ermənistan arasında ikitərəfli görüşlərin baş tutması birmənalıdır. A.Əlizadə qeyd edib kİ. bu təmaslar bölgədə davamlı sülh və sabitliyə xidmət edir:

“İkitərəfli əlaqələrin olması Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğur kimi dəyərləndirilməlidir. Çünki bundan əvvəlki dönəmdə Ermənistan görüşlərin yalnız vasitəçilərlə keçirilməsini hədəfləyirdi. Lakin Azərbaycanın konkret mövqeyi bu oldu ki, ikitərəfli danışıqlar vasitəçilərsiz daha ciddi nəticələr əldə etməyə imkan verir. Bu baxımdan ikitərəfli kommisiyaların formalaşması və vasitəçisiz görüşlərin keçirilməsi ölkəmizin şərtlərinin yerinə yetirilməsi mənasını verir".

A.Əlizadənin fikrincə, yeni reallıqlar Azərbaycanın əldə etdiyi uğurlar nəticəsində formalaşıb. 30 ilə yaxın müddət ərzində Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirirdi və torpaqları işğal altında saxlayırdı. Azərbaycan o zaman da məsələnin danışıqlar yolu ilə həllinə üstünlük verirdi, indi də regionun əsas güc və söz sahibi olaraq, şərtləri diqtə edir:

"Bundan sonra da Azərbaycanın diqtə etdiyi reallıqlar çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyi istisna olunmur. Bu, regionda sülh və sabitliyə xidmət edən əsas amildir".

Gülşən Şərif

Chosen
34
1
bakivaxti.az

2Sources