Bakı, 15 sentyabr, AZƏRTAC
Üçüncülük uğrunda Qazaxıstana qarşı göstərdiyimiz oyunu yarımfinalda məğlub olduğumuz Rumıniyaya nümayiş etdirsəydik, finala yüksələcəkdik. Hətta deyərdim ki, çempion da ola bilərdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində keçirilmiş Avropa çempionatında (EBSL) bürünc medal qazanmaları barədə danışarkən deyib.
O, layiqli mübarizəyə görə komandasına təşəkkür edib: “Turnirdən öncə biz favorit sayılırdıq. Orada olan rəqiblərdən güclü idik. Hər biri ilə başabaş mübarizə apardıq. Təəssüf ki, alınmadı. Yarımfinal görüşündə Rumıniya üstün tərəf idi. Onların qapıçıları inamlı çıxış etdi. Vurduğumuz topları çıxara bilirdi. Daha yaxşı hazırlaşıb gələcəkdə çempion olmaq istəyirik”.
Qeyd edək ki, Azərbaycan yığması 3-cü yer uğrunda oyunda Qazaxıstan yığmasını 7:1 hesabı ilə məğlub edib və bürünc medala yiyələnib.