EN

Avtomobil buğdaya dəyişdirildi: Rusiya Çinlə barter ticarətini genişləndirir

Rusiya ilə Çin arasında barter əsaslı ticarət münasibətləri genişlənir. SWIFT sistemindən kənarlaşdırılma və Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Moskva və Pekin arasında məhsul-məhsula əsaslanan mübadilə əməliyyatlarının həcmi artmaqdadır.

Reuters agentliyinin məlumatına görə, rus şirkətləri buğdanı Çin avtomobillərinə, kətan toxumlarını isə məişət texnikası və tikinti materiallarına dəyişməyə başlayıblar. Bu cür barter əməliyyatları sonuncu dəfə 1990-cı illərin çətin keçid dövründə geniş istifadə olunmuşdu.

Rusiyanın İqtisadiyyat Nazirliyi 2024-cü ildə 14 səhifəlik “Xarici ticarətdə barter əməliyyatları üzrə rəhbərlik” sənədini yayımlayıb. Sənəddə şirkətlərə sanksiyaları dolanmaq üçün barter metodlarından necə istifadə etmələri ilə bağlı tövsiyələr yer alıb. Hətta barter birjası tipli xüsusi ticarət platformasının yaradılması da təklif edilib.

Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının Baş katibi Maksim Spasski bildirib ki, barterin artması ölkədə dedollarlasma prosesinin, sanksiyaların təzyiqlərinin və likvidlik çatışmazlığının göstəricisidir. Onun sözlərinə görə, bu tendensiya yaxın vaxtlarda daha da güclənəcək.

Mütəxəssislər qeyd edirlər ki, barter ticarətinin miqyasını Mərkəzi Bankla Gömrük Xidmətinin statistikası arasındakı fərqlərdən müəyyən etmək mümkündür. 2025-ci ilin ilk yarısında bu fərq 7 milyard dollar təşkil edib.

Rusiya Gömrük Xidməti məsələ ilə bağlı sorğuya cavab olaraq bildirib ki, müxtəlif ölkələrlə müxtəlif məhsullar üzrə barter həyata keçirilir. Lakin ümumi ticarət müqavilələri ilə müqayisədə barter əməliyyatlarının həcmi hələ ki, kiçikdir.

2025-ci ilin yanvar-iyul aylarında Rusiyanın xarici ticarət balansı 14% azalaraq 77,2 milyard dollar, ixrac isə 11,5 milyard dollar azalaraq 232,6 milyard dollar olub. Eyni dövrdə idxal 1,2 milyard dollar artaraq 155,4 milyard dollar təşkil edib.

Reuters-in araşdırmasına görə, barter çərçivəsində bir razılaşmada Rusiya buğdanı Çin istehsalı avtomobillərə dəyişib. Digər iki müqavilədə isə kətan toxumları məişət texnikası və tikinti materiallarına dəyişdirilib. Ural Gömrük Xidmətinin 2024-cü il bəyanatına əsasən, bu cür barter əməliyyatlarından biri təxminən 100 min dollar dəyərində qiymətləndirilib.

Bundan başqa, metal məhsulları da Çin avtomobilləri və xidmətlərinə dəyişdirilib. Hətta bəzi əməliyyatlarda alüminium ixracı Çin şirkətinə ödəniş kimi istifadə olunub. Barter yalnız Çinlə məhdudlaşmır – Pakistanla da bu əsasda ticarət müqavilələri bağlanıb.

Maraqlıdır ki, bəzi barter müqavilələri vasitəsilə Qərb mənşəli məhsullar da Rusiyaya gətirilə bilib.

Barter ticarəti Qərb sanksiyalarını dolanmaq üçün əsas üsullardan biridir. Lakin yeganə yol deyil. Bir sıra “ödəniş agentləri” vasitəsilə ödəniş sxemləri həyata keçirilir. Bu agentlər müəyyən komissiya qarşılığında daha mürəkkəb, lakin riskli mexanizmlərlə ödənişləri asanlaşdırır.

Bundan başqa, VTB bankının Şanxay filialı və dollara indekslənmiş kriptovalyutalar da ödənişlərin həyata keçirilməsində istifadə olunur.

2024-cü ilin avqust ayında rus şirkətləri Çin banklarında milyardlarla yuanın “dondurulmasından” şikayətlənmişdilər. 2025-ci ilin yanvar ayında isə ödəniş problemləri böyük bankları Çinlə ticarət üçün alternativ hesablaşma sistemləri qurmağa vadar etdi.

Reuters avqustun 18-də yaydığı məlumatda Rusiyada barter ticarətinin rəsmi şəkildə genişlənməyə başladığını və bunun Çinlə ticarətdə əsas vasitəyə çevrildiyini bildirmişdi.

Barterin müasir Rusiyada dirçəlməsi təkcə iqtisadi deyil, həm də geosiyasi proseslərin təsiri ilə formalaşır. Sanksiyaların dərinləşməsi, SWIFT-dən kənarlaşdırılma və valyuta əməliyyatlarının məhdudlaşdırılması nəticəsində Rusiya ticarət diplomatiyasında alternativ yollar axtarmaqdadır. Barter isə bu alternativlərdən ən sadə və səmərəlilərindən biri kimi ön plana çıxır.

Chosen
44
veteninfo.az

1Sources