EN

Sentyabrın 15-i Bakının bolşevik-daşnak işğalından azad edilməsi günüdür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 107 il ötür.

Məhz 1918-ci ilin bu günündə Azərbaycan Korpusunun da daxil olduğu Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak işğalından azad etdi.

Osmanlı Türkiyəsi çətin vəziyyətinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunu bura göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana daxil olması ilə bağlı etirazlarına baxmayaraq, 1918-ci ilin avqust-sentyabr aylarında Osmanlı Türkiyəsi qardaş yardımını laqeyd qoymadı, ölkəmizi bəlada buraxmadı.

O, öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Sentyabrın 15-də Osmanlı türklərinin qurtuluş missiyasını uğurla başa vurması, Bakının işğalçılardan azad edilməsi ilə Azərbaycan dövlətçiliyinin formalaşmasına qardaşlıq töhfəsi oldu. Böyük və tarixi qələbədən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.Bakının azad edilməsi əməliyyatı zamanı Osmanlı ordusu 1130 əsgərini itirdi.

1918-ci il sentyabrın 10-da Bakının işğaldan azad edilməsinə birbaşa komandanlığı Nuru Paşa öz üzərinə götürdü. Nuru Paşanın 10 sentyabr 1918-ci il tarixli əmri ilə Şərq Cəbhəsinin və ona məxsus Şimal qrupunun komandanlığı ləğv edildi, cəbhədə bütün hissələrin hərəkəti bilavasitə Qafqaz İslam Ordusunun komandanlığına həvalə edildi.

Qafqaz İslam Ordusunun komandanlığı tərəfindən döyüş diviziyalarına göndərilmiş 13 sentyabr 1918-ci il tarixli əmrdə sentyabrın 14-də saat 02:00-da Bakıya hücumun başlayacağı bildirilirdi.

Bakıya həlledici hücumda iştirak etmək üçün səkkiz minə yaxın Osmanlı əsgəri və yeddi minə qədər yerli Azərbaycan qoşunu toplanırdı.

Gecə saat ikidə 5-ci Qafqaz diviziyası Qeybət-Bilacəri dəmir yolu istiqamətində irəliləməyə başlayır.

Səhər saat üçdə Bakının müdafiəsinin birinci xətti, saat altıda ikinci xətti ələ keçirilir.

Döyüşə hazırlaşan düşmən artilleriya atəşi ilə məhv edilir. Hücumun əsas qəhrəmanına çevrilən 56-cı alay strateji yüksəklikləri ələ keçirir və düşməni təqib edərək irəliləyir. 15-ci alay Biləcəri yamaclarını tutur və bu alayın tərkibində olan Maştağa dəstəsi Sabunçunu, xalq könüllülərini isə - Keşlə stansiyasını tutur. Birbaşa toqquşmalardan yayınan ermənilər şəhər məhəllələrində, evlərində döyüşlərə girir, sanki mart qırğınının təkrarlanmasını istəyirlər.

Sentyabrın 14-də general Danstervil və Sentrokaspi diktaturası hökuməti, Bakı komissarları Bakını tərk etdilər. Sentyabrın 15-də Gəncədə çıxan “Azərbaycan” qəzetinin birinci nömrəsində Bakının azad edilməsi ilə bağlı xəbər dərc olunub: “Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycan Xalq Cümhuriyyətinə teleqramı: “Bismillahir Rəhmanir Rəhim! 1918-ci il sentyabrın 15-də saat 09:00-un əvvəlində Bakı şəhəri qəhrəman ordumuzun hissələri tərəfindən işğaldan azad edildi”.

Sentyabrın 17-də Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başlandı.

Sentyabrın 18-də Qafqaz İslam Ordusunun şəhər ətrafında yerləşən bölmələri Bakıya daxil oldu. Şəhərin əsl ağaları olan Azərbaycan türkləri qalib ordunu xilaskar kimi hərarətlə qarşıladılar.

Bununla da Azərbaycanın müstəqilliyi təmin edilmiş, ermənilərin və bolşeviklərin Bakıda və ətraf ərazilərdə hökmranlığına son qoyulmuşdur.

Bakının azad edilməsi üçün keçirilən hərbi əməliyyatda Qafqaz İslam Ordusunun 1132 əsgəri həlak olub.

Bakını azad edən qəhrəmanlara eşq olsun, şəhidlərə isə Allah rəhmət eləsin!

Oxuməni.az

Chosen
12
oxumeni.az

1Sources