EN

Yeni tədris ili başladı: Gözləntilər nələrdir?

15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də ölkə üzrə bütün təhsil müəssisələrinin qapıları minlərlə şagird və tələbənin üzünə açılır.

Yeni dərs ilinin başlanması münasibətilə müxtəlif bölgələrdə təntənəli tədbirlər təşkil olunur, müəllim və şagird heyəti böyük ruh yüksəkliyi ilə tədrisə başlayır.

AzEdu.az bu münasibətlə təhsil cameəsinin müxtəlif üzvlərinin - deputatın, təhsil ekspertinin, müəllimlərin və tələbələrin fikirlərini öyrənib. Onların yeni tədris ili ilə bağlı gözləntilərini, həmçinin təhsilin gələcək inkişafı barədə düşüncələrini təqdim edir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün dövlət səviyyəsində təhsilə yüksək diqqət və qayğı göstərilir:

167678

“Dövlətimiz bu sahəyə xüsusi həssaslıqla yanaşır və biz təhsil sistemində ardıcıl, davamlı islahatların həyata keçirildiyinin şahidiyik. Hazırda Azərbaycan müəlliminin qarşısında çox mühüm vəzifələr durur. Bu vəzifələrin mərkəzində isə təhsilin keyfiyyətinin artırılması dayanır. Orta məktəblərdən ali təhsil müəssisələrinə qədər bütün pillələrdə tədrisin səviyyəsinin yüksəldilməsi vacibdir.

Müəllimlərin bilik və təcrübələrinin artırılması istiqamətində daha ciddi və sistemli addımlar atılmalıdır. Əvvəllər bu istiqamətdə müəyyən təşəbbüslər olsa da, sonradan struktur dəyişiklikləri nəticəsində fəaliyyətlər zəifləyib və təhsilin inkişafı üzrə bəzi funksiyalar yalnız imtahanların təşkili ilə məhdudlaşıb. Halbuki, müəllimlərin diaqnostik qiymətləndirilməsi və təlimlərə cəlb olunması bu işə mühüm töhfə verirdi.

Digər tərəfdən, təhsil müəssisələrinin maddi-texniki bazası daim diqqət mərkəzində olmalıdır. Bəzi məktəblərin infrastrukturu qənaətbəxş olsa da, digərlərində ciddi çatışmazlıqlar qalmaqdadır. Dərs vəsaitləri, avadanlıqlar və sinif otaqlarının şəraiti kimi məsələlər yenidən nəzərdən keçirilməlidir.

Eyni zamanda, təhsildə elektronlaşma prosesi sürətləndirilməlidir. Dərs cədvəllərinin, qiymətləndirmə sistemlərinin, şagird - müəllim -valideyn əlaqəsinin elektron müstəviyə keçirilməsi tədrisin daha effektiv və şəffaf təşkilinə imkan yaradacaq.

Bütün bu məsələlər sistemli şəkildə həll olunarsa, təhsilin keyfiyyəti yüksələcək və Azərbaycan təhsil sistemi beynəlxalq rəqabətə davamlı hala gələ biləcək".

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov hesab edir ki, aparılan elmi tədqiqatlar keyfiyyətli dərsliklərin hazırlanmasına əsas yaratmalıdır:

167684

“Dünya böyük dəyişikliklər yaşayır və sürətlə inkişaf edir. Əmək bazarı da hər gün dəyişir. Təbii ki, bu dəyişən şərtlər ali məktəblərin qarşısında yeni çağırışlar qoyur. Universitetlər yalnız ixtisaslı kadr hazırlamamalı, həm də şəxsiyyətin formalaşmasına, qloballaşan dünyada milli-mənəvi dəyərlərə sahib gənclərin yetişdirilməsinə xidmət etməlidir. Bu baxımdan universitetlər daim axtarışda olmalı, dəyişən dünyaya uyğun olaraq öz üzərində işləməlidir.

Elmi tədqiqatların nəticəsiz qalmaması vacibdir. Onların tədrisdə və istehsalatda tətbiqi təmin edilməlidir. Keyfiyyətli dərsliklərin hazırlanması da məhz aparılan elmi tədqiqatların nəticələrinə əsaslanmalıdır. Azərbaycanın real vəziyyətini və milli dəyərlərini əks etdirən dərsliklərin hazırlanması xüsusi əhəmiyyət daşıyır.

Gənclərə tövsiyəm odur ki, milli-mənəvi dəyərlərə sahib çıxsınlar. Böyüklərə hörmət, kiçiklərə qayğı və sevgi bizim cəmiyyətin əsas dayaqlarıdır. Təhsildə də, gündəlik həyatda da bu dəyərlər ön planda olmalıdır".

Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hər il sentyabrın 15-də qeyd olunan Bilik Günü yalnız dərs ilinin başlanğıcı deyil, həm də dövlətin təhsilə verdiyi xüsusi önəmin simvolu kimi dəyərləndirilir:

167679

"Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə təsis edilən Bilik Günü, ölkənin gələcəyini formalaşdıran əsas strateji sahələrdən biri olan təhsilin milli inkişafın prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Təhlillər göstərir ki, Bilik Gününün hər il geniş qeyd olunması, məktəblərdə aparılan təmir işləri, yeni dərsliklərin istifadəyə verilməsi, gənc müəllimlərin təhsil sisteminə qoşulması və sertifikasiyanın tətbiqi təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün əsaslı zəmin yaradır.

Statistik göstəricilər də bu sahədəki inkişafı təsdiqləyir. 2023–2024-cü tədris ilində ölkə üzrə 1,6 milyondan çox şagird təhsil alıb və onların təlim-tərbiyəsi ilə 150 mindən artıq müəllim məşğul olub. Dövlət büdcəsindən təhsilə ayrılan vəsait son illərdə artmaqda davam edir: 2024-cü il büdcəsində təhsil xərcləri ümumi xərclərin təxminən 12 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək göstəricidir. Bu investisiyalar nəticəsində yüzlərlə məktəb binası əsaslı təmir olunub, yeni tədris avadanlıqları ilə təchiz edilib. “Təhsil haqqında” Qanunun 14-cü maddəsində dövlətin təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə məsul olduğu açıq şəkildə qeyd olunur və görülən işlər həmin müddəanın real icrasını nümayiş etdirir.

Müsbət tərəflərdən biri də yeni dərsliklərin istifadəyə verilməsidir. Təhsil proqramlarına uyğunlaşdırılan və müasir pedaqoji yanaşmaları özündə əks etdirən dərsliklər şagirdlərin öyrənmə motivasiyasını artırır. Eyni zamanda müəllimlərin sertifikasiyadan keçməsi onların peşəkar bacarıqlarını yüksəldir və şagirdlərə verilən biliklərin keyfiyyətinə müsbət təsir göstərir. 2023-cü ildə keçirilən sertifikasiyada iştirak edən 30 mindən artıq müəllimin nəticələri göstərdi ki, müəllimlərin böyük əksəriyyəti öz biliklərini artırmağa maraqlıdır və bu proses onların davamlı inkişafını stimullaşdırır. “Ümumi təhsil haqqında” Qanunun 23-cü maddəsində müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi dövlətin əsas vəzifələrindən biri kimi göstərilir və sertifikasiya sistemi bu müddəanın praktik tətbiqidir".

Dünya təcrübəsinə nəzər yetirdikdə, oxşar islahatların uğurlu nəticələr verdiyi görünür

"Məsələn, Estoniyada müəllimlərin peşəkar inkişafı üçün sertifikasiya sistemi və müasir dərsliklərin tətbiqi ölkəni PISA qiymətləndirmələrində Avropanın liderlərindən birinə çevirib. Türkiyədə də son illərdə məktəblərin kütləvi şəkildə təmiri və müəllimlərin mərhələli qiymətləndirilməsi təhsil keyfiyyətinin artmasına səbəb olub. Azərbaycan isə bu təcrübələrdən yararlanaraq öz təhsil modelini inkişaf etdirir və milli xüsusiyyətlərə uyğunlaşdırır.

Bu tədris ilində əsas yeniliklərdən biri müəllimlərin peşəkar fəaliyyətinin daha şəffaf şəkildə qiymətləndirilməsi, şagirdlərin yeni dərsliklərlə daha keyfiyyətli təhsil alması və təmir olunmuş məktəb binalarında sağlam psixoloji mühitin formalaşdırılmasıdır. Dəyişməli olan isə müəllimlərin və valideynlərin yeni yanaşmalara daha çevik uyğunlaşması, şagirdlərə fərdi yanaşmanın gücləndirilməsi və rəqəmsal tədrisin imkanlarından daha geniş istifadə olunmasıdır.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə həyata keçirdiyi ardıcıl tədbirlərlə təhsil sistemində keyfiyyət dəyişikliyi yaratmaqda mühüm rol oynayır. Nazirliyin yeni dərsliklərin hazırlanması, məktəblərin təmiri, gənc müəllimlərin işə cəlb olunması və sertifikasiya prosesinin tətbiqi istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bu qərarlar yalnız təhsil infrastrukturunu yeniləmək deyil, həm də şagirdlərin və müəllimlərin gələcək uğurlarına zəmanət yaratmaq məqsədi daşıyır.

Nəticə etibarilə, Bilik Günü bu islahatların simvolik başlanğıcı kimi Azərbaycan təhsilinin gələcəyinə nikbin baxmağa əsas verir".

Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi Təranə Nuriyeva bildirib ki, sentyabrın 15-i Azərbaycanda xüsusi məna daşıyır:

167685

"Bu gün minlərlə şagird, müəllim və valideyn üçün yeni ümidlərin, arzuların və məqsədlərin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə təsis olunan Bilik Günü ölkəmizin bütün təhsil müəssisələrində dərslərin rəsmi startını müəyyən edir və hər il böyük coşqu ilə qeyd olunur. Yeni dərs ili həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar deməkdir. Mənim üçün bu günün əsas məzmunu yalnız dərslərin başlanması deyil, həm də təhsilin gələcəyinə olan inamın bir daha təsdiqidir.

Mən həm müəllim, həm də İKT üzrə təlimçi olaraq dərslərimi mümkün qədər interaktiv və müasir texnologiyalara əsaslanaraq qururam. İnformasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək şagirdlərimlə oyunlaşdırma, layihə əsaslı öyrənmə, rəqəmsal platformalar, vizual resurslar və qrup işləri təşkil edirəm. Şagirdlər öyrəndiklərini yalnız nəzəri deyil, həm də praktiki olaraq tətbiq etdikdə, öyrənmə prosesi onlar üçün daha maraqlı və yadda qalan olur. Fərdi yanaşma və uğurların mütəmadi təşviqi isə motivasiyanı artıran əsas üsullarımdandır. Bu il də ənənəyə sadiq qalaraq dərs ilinin başlanmasını səbirsizliklə gözləyən şagirdlərim üçün müxtəlif resurslar axtarmışam. Demək olar ki, 2025-2026-cı tədris ilində yeniliklərlə dolu dərs mühiti və sinif otağı bizləri gözləyir.

Son illərdə müəllimlərin peşəkar inkişafı üçün keçirilən təlimlərin faydasını şəxsən öz təcrübəmdə hiss etmişəm. Bu təlimlər bizə yeni pedaqoji yanaşmalar, müasir İKT alətləri və tədris metodları qazandırır. İKT təlimçisi kimi həm özüm faydalanıram, həm də qazandığım bilikləri həmkarlarımla paylaşaraq onların dərslərinə dəstək oluram. Xüsusilə qeyd etmək istəyirəm ki, son zamanlar həmkarlarıma süni zəka (AI) alətləri üzrə təlim keçmişəm.

Bu tədris ilində həmin bilikləri daha da praktikləşdirməyi, dərslərdə və gündəlik müəllim fəaliyyətində süni intellektdən səmərəli istifadə etməyi planlaşdırıram. Məsələn, dərs planlarının hazırlanması, şagirdlər üçün fərdiləşdirilmiş tapşırıqların qurulması, qiymətləndirmə meyarlarının optimallaşdırılması və vizual tədris materiallarının yaradılmasında süni intellektin imkanlarını tətbiq edəcəyik. Bu, həm müəllimlərin iş yükünü azaldacaq, həm də tədris prosesini daha keyfiyyətli və yaradıcı edəcək".

"Yeni dərs ilindən ən böyük gözləntim şagirdlərimizin yalnız akademik biliklər əldə etməsi deyil, həm də XXI əsr bacarıqları tənqidi düşünmə, əməkdaşlıq, yaradıcılıq və rəqəmsal savadlılıq istiqamətində inkişaf etməsidir",- deyə T. Nuriyeva fikrinə əlavə edib:

"Məktəbin onların yalnız dərs öyrəndiyi deyil, həm də özlərini tanıdıqları, yaradıcılıqlarını üzə çıxardıqları bir məkana çevrilməsi ən böyük arzularımdandır. Bununla yanaşı, valideyn-müəllim əməkdaşlığının daha da möhkəmlənəcəyinə, şagirdlərin sosial aktivliyinin artacağına və müəllimlər arasında bilik mübadiləsinin davamlı olacağına inanıram. "Rəqəmsal məktəb" layihəsi bu baxımdan göstərəbiləcəyim nümunəvi addımdır.

Bilik günü ilə başlayan bu yol yalnız təhsil sahəsində deyil, bütövlükdə ölkəmizin gələcəyi üçün mühüm bir başlanğıcdır. Çünki güclü təhsil sistemi güclü gələcəyin əsas təminatıdır.Sentyabrın 15-i Azərbaycanda xüsusi məna daşıyır. Bu gün minlərlə şagird, müəllim və valideyn üçün yeni ümidlərin, arzuların, məqsədlərin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə təsis olunan Bilik Günü ölkəmizin bütün təhsil müəssisələrində dərslərin rəsmi startını müəyyən edir və hər il böyük coşqu ilə qeyd olunur.

Bu gün sadəcə tədris prosesinin başlanması deyil, həm də bilik və maarifin, elm və təhsilin cəmiyyətimizdə daşıdığı böyük əhəmiyyətin təntənəsidir. Bu gün məktəblərin həyətində səslənən ilk zəng yalnız yeni dərs ilinin deyil, həm də gələcək uğurların, milli tərəqqimizin simvoluna çevrilir. Yeni dərs ili həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar, yeni çağırışlar və yeni ümidlər deməkdir. Mənim üçün isə bu günün əsas məzmunu yalnız dərslərin başlanması deyil, həm də təhsilin gələcəyinə olan inamın, elm və maarifə verilən yüksək dəyərin bir daha təsdiqidir.

Mən həm müəllim, həm də İKT üzrə təlimçi olaraq dərslərimi mümkün qədər interaktiv və müasir texnologiyalara əsaslanaraq qururam. Təhsil prosesində texnologiyanın rolu günü-gündən artır və biz müəllimlər də bu imkanlardan maksimum yararlanmağa çalışmalıyıq. İnformasiya texnologiyalarının verdiyi resurslardan istifadə etməklə şagirdlərimlə oyunlaşdırma, layihə əsaslı öyrənmə, rəqəmsal platformalar, vizual materiallar və qrup işləri təşkil edirəm.Bu üsullar şagirdlərə dərs prosesində sadəcə passiv dinləyici yox, aktiv iştirakçı rolunu qazandırır. Onlar öyrəndiklərini yalnız nəzəri deyil, həm də praktiki olaraq tətbiq etdikdə, biliklər daha möhkəm mənimsənilir, öyrənmə prosesi isə daha maraqlı və yadda qalan olur.

Mənim dərs yanaşmamda hər bir şagirdin potensialını üzə çıxarmaq, kiçik də olsa uğurlarını qeyd etmək və onları motivasiya etmək xüsusi yer tutur.Bu il də ənənəyə sadiq qalaraq dərs ilinin başlanmasını səbirsizliklə gözləyən şagirdlərim üçün müxtəlif rəqəmsal resurslar, innovativ tətbiqlər axtarmışam. Demək olar ki, 2025–2026-cı tədris ili üçün yeniliklərlə dolu bir sinif mühiti bizi gözləyir. Mən inanıram ki, bu dərs ili həm şagirdlərim üçün öyrənməkdən zövq aldıqları bir dövr, həm də mənim üçün onların uğurlarını izləməkdən qürur duyacağım bir səyahət olacaq.

Son illərdə müəllimlərin peşəkar inkişafına verilən önəm, keçirilən müxtəlif təlimlər və seminarlar təhsilimizin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verir. Mən də bu prosesin iştirakçısı olaraq, belə təlimlərin faydasını şəxsən öz fəaliyyətimdə hiss etmişəm.Bu təlimlər bizə yalnız yeni pedaqoji yanaşmaları və müasir İKT alətlərini öyrətməklə kifayətlənmir, həm də müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaradır. Təlimçi olaraq özüm də həmkarlarımla bildiklərimi bölüşür, onların inkişafına dəstək oluram. Xüsusilə qeyd etmək istəyirəm ki, son zamanlar həmkarlarıma süni zəka (AI) alətləri üzrə təlim keçmişəm. Süni intellekt artıq təhsilin ayrılmaz bir hissəsinə çevrilməkdədir. Bu tədris ilində həmin bilikləri daha da praktikləşdirməyi, dərslərdə və gündəlik müəllim fəaliyyətində süni intellektdən səmərəli istifadə etməyi planlaşdırıram.

AI vasitələrinin tətbiqi bizə geniş imkanlar açır. Dərs planlarının hazırlanmasında daha operativ və yaradıcı yanaşmalar mümkündür. Şagirdlər üçün fərdiləşdirilmiş tapşırıqlar qurmaqla hər birinin öyrənmə tempinə uyğun resurs təqdim edilə bilər.Qiymətləndirmə meyarlarının hazırlanması və optimallaşdırılması prosesi sadələşdirilir. Vizual və interaktiv tədris materiallarının yaradılması daha asan olur. Bütün bunlar həm müəllimlərin iş yükünü azaldacaq, həm də tədris prosesini daha keyfiyyətli, yaradıcı və şagird yönümlü edəcək. Mən əminəm ki, süni intellektin imkanlarını düzgün istifadə etdikdə müəllimlərimizin işində inqilabi dəyişikliklər olacaq.

Yeni dərs ilindən ən böyük gözləntim, şagirdlərimizin yalnız akademik biliklərlə kifayətlənməməsi, həm də XXI əsr bacarıqları tənqidi düşünmə, əməkdaşlıq, yaradıcılıq və rəqəmsal savadlılıq sahəsində inkişaf etməsidir.
Məktəbin şagirdlər üçün sadəcə dərs öyrəndikləri yer yox, həm də özlərini kəşf etdikləri, bacarıqlarını nümayiş etdirdikləri, yaradıcılıqlarını sərgilədikləri bir mühitə çevrilməsi ən böyük arzularımdandır. Bu il daha çox layihə əsaslı öyrənmə, komandada iş və innovativ yanaşmalara üstünlük verməklə şagirdlərin həm bilik, həm də sosial bacarıqlarını gücləndirməyi planlaşdırıram.

Bununla yanaşı, valideyn-müəllim əməkdaşlığının daha da möhkəmlənəcəyinə, məktəbin sosial həyatında ictimai fəallığın artacağına inanıram. Şagirdlərin motivasiyasının artırılması üçün valideynlərin dəstəyinin vacibliyini daim vurğulayıram. Çünki təhsil prosesi yalnız məktəbin yox, ailənin də fəal iştirakı ilə mükəmməlləşir.
Bu baxımdan “Rəqəmsal Məktəb” layihəsini xüsusi qeyd etmək istəyirəm. Bu təşəbbüs həm müəllimlərin, həm də şagirdlərin rəqəmsal bacarıqlarını artırmaqla təhsil prosesinə yeni nəfəs gətirəcək, məktəblərimizi beynəlxalq təhsil məkanına daha çox inteqrasiya edəcək.

Bilik Günü ilə başlayan bu yol yalnız təhsil sahəsində deyil, bütövlükdə ölkəmizin gələcəyi üçün mühüm bir başlanğıcdır. Çünki güclü təhsil sistemi güclü gələcəyin əsas təminatıdır.Biz müəllimlər hər dərs ilinə sadəcə yeni planlarla deyil, həm də yeni ümidlərlə başlayırıq. Mən inanıram ki, 2025–2026-cı tədris ili həm müəllimlər, həm də şagirdlər üçün uğurlu olacaq, Azərbaycan təhsili isə inkişaf yolunda daha da irəliləyəcək".

Qarabağ Universitetinin II tələbəsi Zemfira Nəsirova yeni tədris ilini səbirsizliklə gözlədiyini dilə gətirib:

167680

"Yeni tədris ilini səbirsizliklə gözləyən tələbələrdən biri də mənəm. Hüquqşünaslıq ixtisasında təhsil aldığım üçün bu semestrdə ixtisasımla bağlı fənlərin sayının artması məni xüsusilə sevindirir. Bu fənlərin gələcək peşəkar fəaliyyətimdə lazım olacaq sahəvi biliklərin təməli rolunu oynayacağına inanıram. Təhsil sahəsində tətbiq olunan bir sıra yeniliklər də müsbət nəticələr verir.

Onlardan biri süni intellektin səmərəli istifadəsidir. Məqsədyönlü tətbiq olunduqda, hər bir ixtisasda, hətta humanitar elmlərdə də yüksək nəticələr əldə etmək mümkündür. Bu tədris ilində akademik və praktiki bacarıqlarımı daha da inkişaf etdirməyi, eyni zamanda hüquqi yazı və nitq qabiliyyətlərimi gücləndirməyi hədəfləyirəm.

Güclü və savadlı nəslin yetişməsi ölkəmizin sabahı üçün ən böyük sərmayədir. Bilik günü bizə xatırladır ki, öyrənmək heç vaxt bitməyən, davamlı bir prosesdir və bu prosesdə əzmlə irəliləmək hər birimizin haqqıdır".

Chosen
28
azedu.az

1Sources