Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.