Çeçenistan rəhbəri 17 yaşlı oğlu Adamın karyerasını öz həyat yolu ilə müqayisə edib...
Poliqon xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov RİA Novosti Agentliyinə müsahibəsində 17 yaşlı oğlu Adam haqqında danışaraq onun özündən sonra varis ola biləcəyinə işarə edib. Kadırov bildirib ki, oğlu atasının yolunu izləyir və rəhbərlik təcrübəsi qazanır.
Kadırova verilən suallardan biri Adamın yeni vəzifələri və çoxsaylı təltiflər sayəsində artan populyarlığı ilə necə başa çıxdığı ilə bağlı olub. Cavabında Kadırov vurğulayıb ki, oğlunun karyera yolu onun gənclik illərini xatırladır:
“ Mən atamın yanında böyümüşəm, ondan çox şey öyrənmişəm. Adam da mənim yanımda böyüyüb, ona görə də kifayət qədər təcrübəyə və biliyə sahibdir. Mən də birinci vitse-premyer postuna təyin olunanda gənc idim, amma Vladimir Vladimiroviç mənə güvənmişdi. Adam da öhdəsindən yaxşı gəlir. Mənim ondan tələbim isə övladım olduğuna görə qat-qat artıqdır,” — deyə Kadırov qeyd edib.
Çeçenistan rəhbəri həmçinin bildirib ki, oğlunun aldığı mükafatların heç biri əsassız deyil: “Kim ona orden və ya medal təqdim edibsə, bunu konkret nailiyyətlərinə görə edib. Əgər şübhəniz varsa, onunla danışın və əmin olun ki, o, çox yaxşı oğlandır.”
Tarixi kontekst və Kadırov ailəsinin siyasi irsi...
Ramzan Kadırov siyasi karyerasına 2000-ci illərin əvvəllərində atası Əhməd Kadırovun yanında silahlı dəstənin komandiri kimi başlayıb. Əslində, bu, atasının mühafizəçisi statusunda təqdim olunurdu, amma əsas vəzifəsi Çeçenistanda separatçılara qarşı FSB ilə əməkdaşlıq etmək idi.
2002-ci ildə Moskvadan gələn yüksək vəzifəli nümayəndələrə Əhməd Kadırov oğlunu idman klubunun rəhbəri kimi təqdim etmişdi. 2004-cü ildə atasının sui-qəsd nəticəsində öldürülməsindən sonra Ramzan Kadırov Çeçenistan hökumətində yüksək postlara gətirildi. O, gənc yaşına görə region rəhbəri ola bilməsə də, 2005-ci ildə baş nazirin vəzifəsini icra edən şəxs oldu. 2007-ci ildə isə prezident səlahiyyətlərinin icraçısı təyin edildi.
Adam Kadırov isə (əsl adı Moxmad) 2008-ci ildə Kadırovun üçüncü həyat yoldaşı Zamira Cəbrayılovadan dünyaya gəlib. O, xüsusilə 2023-cü ildə Groznıdakı istintaq təcridxanasında Qurani-Kərimi yandırmaqda ittiham olunan Nikita Jurovelə hücum etməsi ilə gündəmə gəlmişdi. Bu hadisədən sonra onun sürətlə müxtəlif titullar və mükafatlarla təltif olunması ictimaiyyətin diqqətini cəlb etdi. 2023-cü ildə Adam Çeçenistan rəhbərinin təhlükəsizlik təminatı şöbəsinin rəisi, 2025-ci ildə isə respublikanın DİN kuratoru və Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Kadırovun son açıqlamaları isə onun oğlunu Çeçenistanın gələcək rəhbəri kimi yetişdirməsi ehtimalını daha da gücləndirib.
Poliqon.info