EN

Qırğızıstanda keçmiş prezidentin ailəsini yaşadıqları evdən çıxardılar


Qırğızıstanın sabiq prezidenti (2011–2017) Almazbek Atambayevin ailəsi paytaxt Bişkekin yaxınlığındakı Koy-Taş kəndində yerləşən evlərindən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sabiq dövlət başçısının qızı Aliya Şaqiyeva məlumat verib.
O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları evdəki əşyaları çıxarıb konteynerə yerləşdiriblər.
“Hazırkı hakimiyyət Atambayevlər ailəsini gətirdikləri konteynerə atır. Onlar hər şeyi mümkün qədər çirkin və alçaldıcı şəkildə etdilər – xəbərdarlıq etmədən bütöv bir dəstə ilə gəlib bizi yağış altında küçədə böyük əşyalar yığını ilə qoyub getdilər”, - deyə Şaqiyeva bildirib.
O qeyd edib ki, evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə bağlı məhkəmə çəkişməsi davam edir:
“Bu addımlar üçün heç bir icra sənədi olmayıb və yoxdur, heç bir rəsmi sənəd təqdim edilməyib. Hətta Ali Məhkəmə qərarı və zəruri sənədlər olsaydı belə (hazırda iş şəhər məhkəməsindədir), qanuna görə köçürülmə üçün müəyyən vaxt ayrılmalıdır”.
Qeyd edək ki, sentyabrın 13-də sabiq prezidentin həyat yoldaşı Rəisə Atambayeva ölkənin indiki lideri Sadır Japarova evin toxunulmaz qalacağına dair verdiyi vədi xatırladıb. Bir gün öncə – sentyabrın 12-də isə Qırğızıstanın Dövlət Əmlakın İdarə Olunması Agentliyi torpaq sahəsinin məhkəmə qərarı ilə dövlət mülkiyyətinə qaytarıldığını açıqlayıb. Agentliyin məlumatına görə, həmin ərazinin bir hissəsində müasir qocalar evi, digər hissəsində isə 500 yerlik uşaq bağçası inşa olunacaq.
Xatırladaq ki, Bişkekin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi qiyabi olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, üç cinayət işi üzrə təqsirli bilinərək, işlər birləşdirilmiş qaydada məhkəməyə çıxarılıb. Atambayevə qarşı qanunsuz varlanma, torpaq sahələrinin ələ keçirilməsi və 2019-cu ildə Koy-Taş kəndində baş vermiş kütləvi iğtişaşların təşkili ittihamları irəli sürülüb.
Aprelin ortalarında məhkəmə həmçinin keçmiş prezidentin 2013-cü ilin aprelində kriminal avtoritet Aziz Batukayevin qanunsuz şəkildə vaxtından əvvəl azad edilməsində rol oynadığını təsdiqləyib. Batukayev 2006-cı ildə kütləvi iğtişaşların təşkili və qanunsuz silah saxlama da daxil olmaqla 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, azadlığa çıxandan dərhal sonra Qroznıya yola düşmüşdü.
Atambayev 2019-cu il avqustun 8-də Çüy vilayətinin Koy-Taş kəndindəki iqamətgahında keçirilən və təxminən bir sutka davam edən xüsusi əməliyyat zamanı saxlanılıb. Onun tərəfdarları müqavimət göstərib, əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub. Qarşıdurma nəticəsində 100-dən çox şəxs, o cümlədən milis əməkdaşları tibbi yardıma müraciət edib.
Chosen
18
yeniavaz.com

1Sources