EN

Həkimin səhvi ucbatından ölən məşhur aktyor — Eldəniz Zeynalovun HƏYATI +VİDEO


Həyatın keşməkeşləri, aldığın stress və həyat zərbələri təbii ki, insanın səhhətində izsiz keçmir. Eldəniz Zeynalov özünü içkiyə verməklə bu əzablardan xilas olmağa çalışırdı, amma yəqin özü də bilirdi ki, bu qurtuluş yolu deyil, əksinədir.

Ailəsində üç övlad böyüyüb aktyorun. İki oğlu, bir qızı var. Uşaqlar üçü də yeniyetməlik dövrlərini yaşayırdı. Təbii ki, ata onların gələcəyini düşünür, amma maddi imkansızlıqdan bir çıxış yolu, işıq ucu görmürdü. Həmin illərdə aktyorlara, xüsusən xalq artistlərinə ev bağışlayırdılar. Yeganə ümidi ona idi ki, bəlkə, ev versələr uşaqların gələcəyi üçün bir işıq yolu olar. Eldəniz Zeynalov nə Xalq artisti fəxri adı alanların siyahısında adını görürdü, nə də ev bağışlananların. Özünü oda-közə vururdu.

Bir gün Arif Quliyevlə danışıb rayonlara qastrola çıxırlar, kiçik monoloqlarla, səhnəciklərlə tamaşaçının görüşünə tələsirlər ki, zəhmətlərinin müqabilində evə pulla qayıtsınlar. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər və pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulub yıxılır. O zaman aktyorun 63-64 yaşı vardı.

53 gün Travmatologiyada yatan aktyor evə buraxılanda vəziyyəti yaxşılığa doğru deyildi. Sınan ayaq düzəlmirdi. Hərəkətsizlikdən damarlarda yığılma gedirdi. Sənət dostu Mikayıl Mirzə onu özünün tanıdığı başqa bir həkimin yanına aparır. (İllər sonra Mikayıl Mirzə özü də ilk baxışda xırda görünən ağrılardan əziyyət çəkib, dünyasını dəyişdi – R.Q.) Bu dəfə də yaxşılığa doğru heç bir dəyişiklik olmur, əksinə Eldəniz Zeynalovun vəziyyəti daha da ağırlaşır. Bu dəfə düzgün bitişməyən sümüyü sındırıb yenidən bərpa etmək cəhdi də uğursuz nəticələnir. Görünür, şəkəri olduğundan nə yara qapanırdı, nə də ayaq düzəlirdi. Yataq vəziyyətində qalmaq onun psixoloji durumuna, ürəyinə, qan təzyiqinə də təsirsiz ötüşmürdü. Səhhəti onu əməliyyat etməyə imkan vermirdi. Aktyor artıq vəziyyətinin ümidsiz olduğunu bildiyindən çoxdan arzusunda olduğu Xalq artisti fəxri adını da laqeyd qarşılayıb. Qəzetdə bu barədə informasiyanı oxuyub onu kənara tullayıb.

Ölümdən sonrakı həyat

Xanımı Rəhimə ilə onun vəfatından sonra 40 mərasiminə bir-neçə gün qalmış Vidadi küçəsində yerləşən iki otaqlı, köhnə təmirli mənzilində görüşmüşdük. Qadının göz yaşları ara vermədən yanaqları aşağı süzülürdü. Bütün danışdıqlarım da elə o vaxt onun mənə danışdıqlarıdır: “Ayağı bir illik yaradan sonra çürüməyə başladı. Bədəndə qan dövranı pozulmuşdu. Tərpənə də bilmirdi, yalnız uzandığı vəziyyətdə gözləri bizə nigaran-nigaran baxırdı”.

Oğlu, sonradan Dövlət televiziyasında rejissor işləyən Elbrus Zeynalov deyir ki, atamın ayağını xüsusi drellə deşəndə o mənim adımı çəkib qışqırdı, dözə bilmədim, ürəyim getdi: “Özümə gələndə onun halı nisbətən düzəlmişdi, amma mən ömür boyu o səhnəni unuda bilmərəm. Yenə ayağını düzgün bitişdirmədilər, bir il ağrı ilə yaşadı, ağrılar onun ömrünə son qoydu”.

Həkimlər əməliyyatsız düzəlmədiyini görüb, aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov özünə gəlmir, yəni huşsuz qalır. İki ay evdə huşsuz halda yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında dünyasını dəyişir.

Daha ətraflı  video materialı təqdim edirik:



Chosen
19
azia.az

1Sources