Masallıda küçələrin asfaltlanması davam edir
Şəhidlərin adını daşıyan yollar əsaslı təmir olunur
Masallı rayonunda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə küçə və yollarda genişmiqyaslı asfaltlanma və infrastruktur yenilənməsi işləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aparılan yenidənqurma tədbirləri çərçivəsində şəhidlərin adını daşıyan küçələrə də xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlər həm də şəhid ailələrinə olan dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.
Hazırda Masallı şəhərində bir neçə küçəyə yeni asfalt örtüyü döşənib. Belə ki, şəhid İntiqam Əsgərli küçəsi 6440, şəhid Fuad Novruzov küçəsi 1820, şəhid Salatın Əsgərova küçəsi 1440, Bakı prospekti, şəhid Araz Seyfullayevin ailəsinin yaşadığı döngə 460, Azərbaycan prospekti, şəhid Elnur Əsədullayevin ailəsinin yaşadığı döngə 420 kvadratmetr asfaltlanıb.
Masallı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqət mərkəzində saxlanılır, onların qarşılaşdığı çətinliklərin həlli istiqamətində zəruri tədbirlər görülür.
RİH tərəfindən həyata keçirilən bu layihələr bir daha sübut edir ki, dövlət şəhidlərin ailələrinə, onların xatirəsinə və yaşadıqları mühitə hər zaman xüsusi önəm verir.
Məlumatda o da qeyd olunur ki, gələcək mərhələlərdə Masallı şəhərində şəhidlərin adını daşıyan digər küçələrin də asfaltlanması və abadlaşdırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Akif AĞAYEV