EN

Trampın Putinlə münasibətləri səbəbindən ABŞ qlobal təsirini itirir WSJ

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Rusiyaya qarşı təsir rıçaqları olsa da, Donald Tramp hələlik onları işə salmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Məqalədə qeyd olunur ki, Trampın ikinci prezidentlik dönəmində onun arzuları həm İsrail, həm də Rusiya tərəfindən ardıcıl olaraq nəzərə alınmır. Halbuki İsrailə onun yaxın müttəfiqi Benyamin Netanyahu rəhbərlik edir. ABŞ isə hər iki ölkəyə təsir imkanına malik olsa da, Tramp bundan çəkinir.

Nəşr yazır ki, bu passivlik Tramp barədə paradoksu üzə çıxarır: "O, tez-tez çox sayda müharibəni dayandırdığını iddia edir və özünü bənzərsiz sülhməramlı kimi təqdim edir. Lakin ən çox dayandıracağına söz verdiyi iki münaqişədə – Qəzzada və Ukraynada – ABŞ-ın İsrail və Rusiya üzərindəki təsirindən istifadə etmədi".

Xatırladılır ki, İsrail yaxın günlərdə Qətərin paytaxtında HƏMAS-ın siyasi nümayəndələrinə raket zərbələri endirib. Onlar həmin vaxt Trampın Qəzzada atəşkəs və girovların azad olunması təkliflərini müzakirə edirdilər. Putinin isə ötən ay Alyaskada Tramp ilə görüşündən sonra Ukraynaya dron və raket hücumlarını gücləndirdiyi bildirilir. Hətta ötən həftə NATO-ya üzv Avropa ölkələrinin qüvvələri Polşa ərazisinə daxil olmuş rus dronlarını vurub.

Tramp isə bu hadisələrə demək olar ki, reaksiya verməyib. O, yalnız Polşa hava məkanına rus dronlarının daxil olması ilə bağlı qeyri-müəyyən sual səsləndirib: "Bu nədir, Rusiyanın Polşanın hava məkanını dronlarla pozması? Başladı!". Sonradan isə bunun "səhv ola biləcəyini" ehtimal edib. Bu, NATO-nun öz şərq cinahında ilk dəfə rus pilotsuz uçuş aparatını vurması idi.

"The Wall Street Journal" yazır ki, Avropa ölkələri Rusiyanın dron hücumlarına qarşı əlavə hərbi qüvvə yerləşdirməyə hazırlaşsa da, ABŞ resurslarının işə salınması barədə hələlik qərar yoxdur.

Tramp şənbə günü Rusiyaya qarşı "ciddi sanksiyalar" tətbiqi üçün yeni şərt irəli sürüb – Avropanın bütün ölkələrinin Rusiya neftindən imtina etməsi. Bəzi keçmiş rəsmilər bunu Ağ Evin iqtisadi təzyiqi gücləndirməsini yubandırmaq cəhdi kimi qiymətləndirib.

Tramp administrasiyası isə iddia edir ki, prezident xarici siyasətə nəzarəti əlində saxlayır və ABŞ-ın müxtəlif bölgələrdə münaqişələrin eskalasiyasını önləməkdə rolunu nümunə kimi göstərir. Onun köməkçiləri Trampın Netanyahu və Putinlə şəxsi əlaqələrinin diplomatik üstünlüklər verdiyini, bu münasibətlərin korlanmasının isə əks-effekt yaradacağını bildirir.

Bununla belə, müşahidəçilər hesab edir ki, təkcə ikitərəfli münasibətlər müharibələri dayandırmaq gücündə deyil. "Putin üçün Ukraynanı məhv etmək arzusu istənilən ABŞ prezidentindən daha güclüdür. O, Rusiyanın bərpasını tarixi missiyası sayır və heç bir şəxsi təsir bunu dəyişməyəcək", deyə Vaşinqtondakı Avropa siyasətini təhlil mərkəzinin rəhbəri Alina Polyakova vurğulayıb.

Məqalədə qeyd olunur ki, sanksiyalar Rusiyanın iqtisadiyyatını zəiflətsə də, Tramp administrasiyası onların icrasına kifayət qədər nəzarət etmir və eyni zamanda Konqresin yeni, sərt enerji sanksiyaları planlarına qarşı çıxır.

"Onlar təsir imkanlarının bir hissəsini itirdilər. Əsas odur ki, zəif ölkələrə və müttəfiqlərə təzyiq göstərməyə hazırdırlar, amma rəqiblərə yox", deyə Bayden dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə aparıcı ekspert olmuş Erik Qrin bildirib.

Bundan başqa, Tramp Avropaya silah satsa da, Kiyevə birbaşa ABŞ silahı verməkdən imtina edir. Pentaqon da ukraynalılara mövcud "Atacms" raketlərindən Rusiya ərazisinə zərbə endirməyə icazə verməyib. Halbuki bunu son aylarında prezident olmuş Co Bayden təsdiqləmişdi.

Trampın yaxın müttəfiqləri, o cümlədən Senatda Rusiyaya qarşı yeni sanksiyaları təşviq edən senator Lindsi Qrem açıq şəkildə prezidentin kursunu dəyişməsini tələb edir. Ağ ev isə ötən həftə Trampın qanunvericilərlə çoxsaylı görüşlər keçirdiyini, lakin sanksiyaların tətbiqi ilə bağlı yekun qərarların yalnız prezidentin səlahiyyətində qalması şərti ilə dəstəklənə biləcəyini açıqlayıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
qaynarinfo.az

1Sources