EN

Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayı sürətlə azalır - Demoqrafik HƏYƏCAN

15 sentyabrda yeni tədris ili başlayır. Amma bu bayram sevincinin fonunda çox ciddi bir reallıq da var: son 7–8 ildə Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayı sürətlə azalır.

Ucnoqta.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, 2017–2018-ci tədris ilində 164,523 uşaq məktəbə qədəm qoymuşdu: "2023–2024-cü ildə bu rəqəm artıq 132,261 nəfərə düşdü. Bu il isə cəmi 130 min uşaq birinci sinfə gedəcək. Yəni son 7 ildə 32 mindən çox azalma, təxminən 20% geriləmə baş verib.

Bu tendensiya demoqrafik böhranın açıq göstəricisidir. Əgər azalma bu templə davam etsə, 10 ildən sonra birinci sinfə gedənlərin sayı 100 minin də altına düşəcək".

Kamran Əsədov qeyd edir ki, bu isə təkcə təhsil üçün yox, həm də dövlətin gələcək inkişafı üçün çox ciddi siqnaldır:

"Bu azalma nə deməkdir? Əmək bazarında gənc işçi qüvvəsi çatışmayacaq.

Məktəblər, təhsil infrastrukturu boşalacaq. Əhalinin yaşlanması sürətlənəcək, sosial təminat və səhiyyə sistemi daha çox yüklənəcək.

 İqtisadi inkişafın, innovasiya potensialının zəifləməsi qaçılmaz olacaq.

Çıxış yolu varmı? Əlbəttə!

Ailələrin uşaqlara görə sosial dəstəyi artırılmalı, doğum səviyyəsi üçün real stimullar tətbiq edilməlidir.

Miqrasiya siyasəti yenidən düşünülməlidir.

Uşaq və gənclərə sərmayə dövlətin gələcəyinə sərmayədir.

Amma eyni zamanda bu rəqəmlər bizi düşündürməlidir. Təhsilin ilk zəngi ilə yanaşı, ölkənin gələcəyinə siqnal verən demoqrafik zəng də çalır…"

Chosen
50
ucnoqta.az

1Sources