EN

Motosiklet sürücüləri avtobus zolaqlarından istifadə etmək istəyirlər

Motosiklet sürücüləri avtobus zolaqlarından istifadə etmək istəyirlər. Bu nəqliyyat vasitəsinin bir qrup sürücüsü hətta bununla bağlı aidiyyəti qurumlara müraciət də ünvanlayıb. Əsas arqumentləri isə təhlükəsizlikdir. Sürücülər bildirirlər ki, yollarda avtomobillərin arasında qalmaq həm qəza riskini artırır, həm də hərəkəti ləngidir. Avtobus zolaqları isə daha geniş və nizamlı olduğu üçün təhlükəsiz yol alternativi ola bilər.

Sürücülər arqumentlərini beynəlxalq təcrübə ilə də əsaslandırırlar. Məsələn, Böyük Britaniyanın paytaxtı Londonda və bəzi İspaniya şəhərlərində avtobus zolaqlarında motosikletlərin də istifadə etməsinə icazə verilib. Hətta yol nişanlarında avtobus, taksi və velosipedlə yanaşı motosiklet işarəsi də göstərilir. Avropa ölkələrində bu qərar qəzaların azaldılması və hərəkətin rahatlaşdırılması üçün tətbiq olunur.

Azərbaycanda isə hazırda avtobus zolaqlarına yalnız avtobuslar və operativ nəqliyyat vasitələri daxil ola bilir. Bu səbəbdən, motosikletlərin də həmin zolaqlara buraxılması üçün ya qanunvericiliyə dəyişiklik edilməli, ya da bununla bağlı qərar qəbul edilməlidir.

Millət vəkili Fazil Mustafa da düşünür ki, motosikletlərə də avtobuslar üçün xüsusi ayrılmış zolaqlarda hərəkət etməyə icazə verilməlidir. Millət vəkilinin fikrincə bu, motosikletlərin iştirakı ilə baş verən qəzaların sayını azalda bilər. O, gələcəkdə bununla bağlı qanun təklif olunacağı təqdirdə lehinə səs verəcəyini bildirib.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda paytaxtın 40-a yaxın küçə və prospektində uzunluğu 112 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Zolaqların təşkili avtobusların, eyni zamanda, operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.

Chosen
10
1
banker.az

2Sources