Sentyabrın 19-21-də Bakıda “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, yarış günlərində 12 mindən çox əcnəbituristin Bakıya gələcəyi gözlənilir.
Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan, sadəcə, “Formula-1” ab-havasını yaşamaq üçün Azərbaycan paytaxtına üz tutub. “Formula-1”in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan mərhələsini dostlarına tövsiyə etməyə hazırdı, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.
Bir əcnəbi azarkeşin orta xərci 2200 ABŞ dollarını ötür ki, bu da “Qran-pri”ni turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir. 2024-cü ildə Azərbaycan “Qran-pri”sini canlı izləyənlərin sayı 86 milyon, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard nəfəri keçib.
Azərbaycan mərhələsinə marağı nəzərə alan təşkilatçılar bu il iki yeni tribuna inşa edib. 12 tribunadan 10-nun biletləri artıq tam satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının “Formula-1” xəritəsində mövqeyini daha da möhkəmləndirir.
Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır.
Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur. İlk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, indi bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır.