EN

Qüdrət Həsənquliyev: İsrail nəhayət qəbul etməlidir ki, “iki dövlət həll prinsipi” yeganə çıxış yoludur

BAKI, 14 sentyabr. TELEQRAF

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Teleqraf müsahibəni təqdim edir:

- Qüdrət bəy, Azərbaycan 142 dövlətlə birlikdə BMT Baş Məclisində Fələstin dövlətinin yaranmasına səs verib. Bu gün isə Qatarda Azərbaycan Xarici İşlər naziri ərəb-islam dövlətlərinin sammitinə qatılacaq. Bu bizim İsraillə dostluq münasibətlərimizə ziyan vurmayacaq ki?

- Azərbaycan həmişə bəyan edib ki, biz İsrail-Fələstin münaqişəsinin "iki dövlət həll prinsipi"ni dəstəkləyirik, münaqişənin danışıqlar yolu ilə çözülməsinin tərəfdarıyıq. İsrail nəhayət qəbul etməlidir ki, münaqişəyə, terrora və nifrətə son qoyulması, dinc həyata keçilməsi üçün “iki dövlət həll prinsipi” beynəlxalq birliyin də qəbul etdiyi yeganə çıxış yoludur. Dünyanın aparıcı gücləri yeni müharibələrin qarşısını almaq üçün dərhal BMT Təhlükəsizlik Şurasında qərarların qəbulu və icrası qaydalarına yenidən baxmalıdırlar.

- İsrail niyə Fələstin dövlətinin yaranması ilə barışmır?

- Görünür, Fələstində terroru dəstəkləməyən, insan hüquq və azadlıqlarına hörmət edəcək sivil bir dövlətin yaranacağına inanmırlar. Amma bundan çıxış yolu var. Yeni yaranacaq dövlət ən azı 50 il müddətinə BMT Təhlükəsizlik Şurasının qərarı ilə demokratik ənənələrə sahib ABŞ-nin, yaxud Böyük Britaniyanın idarəetməsinə verilə bilər.

- Fələstindəki HƏMAS kimi silahlı qruplar və Fələstin administrasiyası bununla razılaşarmı?

- HƏMAS 2023-cü ilin 7 oktyabrında İsrailə hücum etməklə, kütləvi şəkildə dinc insanlara, musiqi festivalına qatılan gənclərə qarşı elə ağır cinayətlər törədib ki, heç bir sivil ölkə bu qurumla, bu cür vəhşiliyi dəstəkləyənlərlə əməkdaşlığı özünə rəva bilməməlidir. Təəssüf ki, HƏMAS-ın terror təşkilatına xas olan hücumuna İsrailin cavab olaraq uşaqların, qadınların, dinc insanların ölümünə səbəb olan Qəzzaya endirdiyi zərbələrə də heç cür bəraət qazandırmaq olmaz. Əgər BMT Təhlükəsizlik Şurasında veto hüququ aradan qaldırılıb, qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunarsa və qəbul olunmuş qərarların dərhal icrası üçün mexanizmlər yaradılarsa, dünyada bu cür zorakılıqların qarşısını almaq olar. Azərbaycan həmişə haqlını müdafiə edib, beynəlxalq hüquqa sayğı ilə yanaşıb. Biz dostlarımız haqlı olanda onları müdafiə edirik.

- Sammitin hansısa nəticələri ola bilərmi?

- Ciddi nəticələri olmayacaq. Heç kim İsraili dayandırmaq üçün İsrailə müharibə elan edə bilməz. Bu ABŞ-yə müharibə elan etmək olar. Həm də İsrail nüvə silahına, güclü müdafiə və hücum silahlarına malik orduya sahibdir. Gördünüz ki, bir neçə dövlətin hava məkanından keçərək, F-35-lərlə Dohanı bombaladı, heç bir dövlətin radarları bunu qeydə ala bilmədi. İsrailin inkişaf etmiş Qərb ölkələrində güclü dayaqları var. Bəzi Qərb ölkələrinin hay-küyünə baxmayın. Onlar eyni zamanda İsrailə deyirlər ki, biz bunu ictimaiyyəti sakitləşdirmək üçün edirik, işində ol. Ona görə İsraillə hədə-qorxu ilə danışmağın, onun hücumlarını pisləməyin, o cümlədən BMT Baş Məclisinin qərarlarının mənası yoxdur. Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan, İndoneziya kimi islam dünyasının böyük dövlətləri təkəbbürü bir kənara qoyub, reallıqla barışmalı İsrailə müraciə etməli, onunla regionun təhlükəsizlik məsələlərini müzakirə etməlidirlər. Təkəbbür cəhənnəmə aparan yolun bələdçisidir.

Chosen
32
3
teleqraf.com

4Sources