ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Yay mövsümü başa çatır, qarşıdan soyuq günlər gəlir. Bir müddət sonra pəncərələr qapanacaq, evlərdə sobalar işə düşəcək. Lakin evlərimizi isitmək üçün açdığımız o kiçik qapılar, bəzən görünməyən bir təhlükəyə yol açır. Səssiz, görünməz və ölümcül dəm qazı hər mövsüm bizi gözləyir. Statistika göstərir ki, hər il dəm qazından zəhərlənmə halları artmaqdadır. Mütəxəssislərin fikrincə, bu kimi halların əsas səbəblərindən biri tüstü bacalarındakı problemlərdir.
Son illərdə bu istiqamətdə hüquqi baza gücləndirilib. Qaz qurğularına, qaz xətlərinə, tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə sərt cərimələr nəzərdə tutulur. Belə ki, qaydaları pozan fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat məbləğində cərimələnə bilərlər.
Ölkə prezidentinin "Qaz təchizatı haqqında” qanunun tətbiqi ilə bağlı bu yaxınlarda imzaladığı fərmanda da tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi qaydalarının hazırlanması tapşırılıb. Bəs, görəsən, ölkədə tüstü bacaları ilə bağlı ümumi vəziyyət necədir? Yeni qanun bu sahədə nəyisə dəyişəcəkmi?
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov ölkədəki tüstü bacalarının durumunu qənaətbəxş saymır. Onun sözlərinə görə, bəzi bacalar 40 ildən çoxdur ki, təmizlənmir: "Bu sahədə problemlər kifayət qədərdir. Çünki tüstü bacalarını təmizləyən konkret qurum yoxdur. Bəzi podratçı şirkətlər bu işi öz üzərlərinə götürüblər. Amma təmizləmə ödənişli olduğundan hamının imkanı çatmır”.
Ekspert vurğulayıb ki, qaz qurğularının tüstü bacaları mütləq kvartalda bir dəfə yoxlanılmalı və təmizlənməlidir: "Çünki qaz yandıqca qurum yığılır və cihazların gözü tutula bilər. Ona görə bu, mütəxəssislər tərəfindən yoxlanmalıdır. Bunu əhali özü edə bilməz. "Kirpi” deyilən bir alət var, onu yuxarıdan aşağı buraxırlar. Təmizləndikdən sonra da tüstü bacasına məşəl yaxınlaşdırırlar. Əgər məşəl tüstü bacasının dəliyinə tərəf meyllənirsə, deməli, çəkir, əgər düz qalırsa və ya əks tərəfə vurursa, onda işləmir. Bu işlə ancaq peşəkarlar məşğul olmalıdırlar".
Qaz sobalarının istismar müddətinə də diqqət çəkən ekspert deyib ki, dördgözlü sobaların istismar müddəti 20, su qızdırıcılarının isə 10 ildir: "Çox təəssüf ki, hələ də sovet dövründən qalan cihazlardan istifadə edilir. Bu, böyük riskdir. Dəm qazı yanma prosesinin natamam getməsi nəticəsində əmələ gəlir”.
Yeni qanundan gözləntilərə toxunan N.Qasımov hesab edir ki, qaydalar hazırlanarkən bütün problemlər nəzərə alınmalıdır: "Qaydalarda tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi mexanizmləri daha detallı hazırlanmalıdır. Həm bacaların müayinəsinə, həm də təmizliyinə cavabdeh qurumlar konkret göstərilməlidir. Eyni zamanda, tüstü bacalarının təmizliyi dövlət hesabına nəzərdə tutulmalıdır. Bu halda hansısa irəliləyişdən danışa bilərik. Əks təqdirdə, qanun elə kağız üzərində qalacaq”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, tüstü bacalarının təmizlənməsi yalnız fərdi evlər üçün deyil, çoxmənzilli binalar, restoranlar və digər iaşə obyektləri üçün də həyati əhəmiyyət daşıyır: "Qaz yandıqdan sonra ayrılan tüstü mütləq bacalar vasitəsilə çölə çıxmalıdır. Əgər bacalar təmizlənməsə, orada yığılan yağ və toz yanğın təhlükəsi yaradır, natamam yanmaya səbəb olur və nəticədə dəm qazı əmələ gəlir. Bu, insan həyatı üçün birbaşa təhlükədir. İnsanların həyat və sağlamlığı üçün tüstü bacalarının təmiz saxlanılması vacibdir”.
Ekspertin sözlərinə görə, bəzi evlərin bacaları illərlə təmizlənmir, sakinlər bunun vacibliyini anlamırlar: "Əlbəttə, tüstü bacalarının təmizlənməməsi daha böyük bədbəxt hadisələrə gətirib çıxarır. Elə olur ki, tüstü bacalarının içərisində məişət tullantıları olur, quşlar yuva salır. Bu zaman tüstü bacası istifadəyə yararsız hala gələ bilər. İnsanlar özləri də bacalarını təmizləyə bilərlər. Amma ən doğru yol bu işi ixtisaslaşmış şirkətlərə həvalə etməkdir. Güman edirəm ki, yeni qanun bu istiqamətdə müsbətə doğru dəyişikliklər yaradacaq”.
Tüstü bacalarının təmizliyi xidmətini təklif edən şirkətlərdən birinin direktor müavini Elvin Dadaşov isə qeyd edib ki, son illərdə sahibkarlar arasında məsuliyyətin artması hiss olunur, lakin hələ də bu məsələni ciddi qəbul etməyənlər çoxdur: "Yanğın təhlükəsizliyi qaydalarının 7.3 bəndinə əsasən, isitmə mövsümü başlanmazdan qabaq tüstü bacaları qurumdan təmizlənməlidir. Eyni zamanda, bütün isitmə mövsümü ərzində qızdırıcı sobalar üçün üç ayda bir dəfə, dayandırılmamış sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə, mətbəx plitələri və başqa yeməksiz yandırılan sobalar üçün ayda bir dəfə təmizlik aparılmalıdır. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən aylıq yoxlamalar keçirilir. Qaydalara əməl olunmadıqda cərimələr tətbiq edilir. Ona görə də sahibkarlar son illər sözügedən məsələdə daha məsuliyyətli davranmağa başlayıblar”.
Şirkət təmsilçisinin sözlərinə görə, əhali qrupu abonentlərdən tüstü bacalarının təmizlənməsi ilə bağlı sifarişlər nadir hallarda gəlir: "Çünki onlara nəzarət edən Mənzil Kommunal İstismar Sahələridir. Ara-sıra 10-15 sifariş gəlir. Biz də həmin sifarişləri qəbul edib təmizliyi aparırıq. Sifarişlər yalnız sovet dövründə tikilən binalardan daxil olur. İndiyədək yeni tikililərdən hər hansı sifariş götürməmişik. Əhalidən tüstü bacalarının təmizlənməsi üçün gələn sifarişin minimum qiyməti 100 manat, sahibkarlardan gələn sifarişin qiyməti isə 150 manat olduqda həmin sifarişi qeydiyyata alırıq”. Elvin Dadaşov vurğulayıb ki, yeni qanunvericilik bazasında bu işlərin icbari şəkildə aparılması öz əksini taparsa, dəm qazı təhlükəsini minimum həddə endirmək mümkün ola bilər.
Mənbə: "Kaspi" qəzeti
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.