EN

"Azərbaycanda hələ də normal dərsliklər hazırlanmır"

"Bizim əsas problemimiz ibtidai təhsildədir".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib:

"Biz o problemləri həll etsək, daha yaxşı təhsil əldə olunacaq. Biz həmçinin bilirik ki, dərsliklərdə də müəyyən problemlər var".

Bəs hazırda dərsliklərdə hansı problemlər var? Dərsliklərin yenilənməsi gözlənilirmi?

İLQAR

Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a danışıb.

Ekspert təhsilin bütün pillələrində problemlər olduğunu qeyd edib:

"Bizim əsas problemimiz ibtidai təhsildədir. Əslində, cənab nazirin fikirlərində həqiqət var, amma problemimiz təkcə bundan ibarət deyil. Təhsilin bütün pillələrində problemlər var.

İbtidai təhsildəki çatışmazlıqlar sonrakı pillələrdə daha dərin izlər buraxır. Biz ibtidai təhsil müəllimlərinin sertifikasiyası zamanı ortaya çıxan müəllim problemini çox aydın gördük. Mən o fikirdəyəm ki, ibtidai sinif müəllimləri daha savadlı olmalıdırlar. Təbii ki, bütün müəllimlər savadlı olmalıdır, amma ibtidai sinif müəllimlərinin savad səviyyəsi xüsusilə yüksək olmalıdır. Çünki uşağın təməlinin düzgün qoyulması gələcək biliklərinin formalaşması üçün həlledici əhəmiyyət daşıyır.

Əvvəllər ibtidai sinif müəllimlərini hazırlamaq işi birbaşa Elm və Təhsil Nazirliyinə tabe olan qurumların məsuliyyətində idi. Xüsusilə kollec məzunlarının əksəriyyəti məktəblərdə ibtidai sinif müəllimi kimi çalışır. Amma təəssüf ki, bizdə ibtidai təhsilə zamanında lazımi səviyyədə münasibət göstərilməyib. Mənim fikrimcə, bu həm də iqtisadi yanaşma ilə bağlıdır. Belə düşünülüb ki, orta ixtisas təhsilli kadr ibtidai sinifdə dərs deyə bilər. Əslində isə bu, çox yanlış yanaşmadır. Mən demirəm ki, kolleci bitirənlərin arasında savadlı və hazırlıqlı kadrlar yoxdur, amma ümumi yanaşmada biz ibtidai təhsil müəllimlərinin hazırlanmasına daha ciddi münasibət göstərməliyik".

Ekspert bildirib ki, dərslik və məzmun məsələsi də problemlərdən biridir:

"Təəssüf ki, Azərbaycanda hələ də normal dərsliklər hazırlaya bilmirik. Bu istiqamətdə müxtəlif addımlar atılıb, dərsliklərin ictimai müzakirəsi keçirilib, amma yenə də ciddi boşluqlar qalır. Çünki dərslikləri hazırlayan mütəxəssislər çox vaxt həmin sahənin peşəkarı olmur. Məsələn, müəllif həm o fənnin mütəxəssisi olmalı, həm də şagirdlərin yaş xüsusiyyətlərinə dair yanaşmaları tətbiq edə bilməlidir. Eyni zamanda metodik baxımdan da düzgün yanaşma olmalıdır. Şagirdlərin başa düşəcəyi dildə dərslik yazılmalıdır. Amma bizdə bu sahədə ciddi problemlər var. İbtidai siniflər üçün hazırlanmış dərsliklərdə də eyni boşluqları görmək olur.

Çox tanınmış şairlərdən biri bir dəfə yanıma gəlib, faktlar göstərdi ki, ibtidai sinif dəsrliyinə elə şeirlər salınıb ki, onları yaşlı adam belə çətin yadda saxlayar. Üstəlik, həmin şeirlərin məzmunu sıfırdır. Görünür, o şeirlər dərsliyə müəllifin şəxsi tanışlığına görə salınıb. Yəni uşaq şeirləri belə düzgün seçilməyib. Bu, çox ciddi problemdir.

Mən hesab edirəm ki, ibtidai siniflərdə yalnız müəllim deyil, dərslik və məzmun məsələsi də əsas problemlərdən biri kimi gündəmdə saxlanmalıdır.

Məncə, dərslikləri yerli müəlliflər yazmalıdır. Çünki burada təkcə fənn bilikləri deyil, həm də ideoloji, milli-mənəvi məsələlər önəmlidir. Məsələn, riyaziyyat dərsliyində mövzuları haradansa götürüb yerləşdirmək olar, amma ibtidai sinifdə ana dili, ədəbiyyat, mədəniyyətlə bağlı mətnləri yalnız yerli müəllif yaza bilər. Ona görə də biz dərslik müəlliflərinin seçilməsinə daha ciddi yanaşmalıyıq. İbtidai təhsillə bağlı yalnız müəllim deyil, məzmun, dərslik və metodika məsələləri də əsas problemlərdəndir. Bəli, kimisə tənqid etmək asandır, amma təhsil ümumxalq işidir. Mən istərdim ki, hamı bu sahədə səfərbər olsun.

Elm və Təhsil Nazirliyi də tənqidlərə açıq olmalıdır. "Yalnız mən bilirəm, yalnız mən haqlıyam" yanaşması təhsildə yolverilməzdir. Peşəkar yanaşma tələb olunur.

Hesab edirəm ki, yalnız ibtidai siniflərdə yox, bütün siniflərdə keyfiyyətli təhsil təmin olunmalıdır. Bu, çətin olsa da, mümkündür".

İlqar Orucov dərsliklərin yenilənməsi məsələsinə isə bu cür mövqe bildirib:

"Dərsliklər zaman-zaman yenilənir, yeni dərsliklər dövriyyəyə daxil olur. Amma görünən budur ki, çox vaxt yenilənmələr də keyfiyyətli məzmun üzərində qurulmur. Mən öz təhsil dövrümü xatırlayıram: sovet dövründə bir dərslik illərlə istifadə olunurdu, hər gün yeni dərslik çap olunmurdu. İndi isə dərsliklər tez-tez dəyişir, məzmun sürətlə dəyişir. Bu isə oturuşmuş dərslik sisteminin formalaşmasına mane olur. Mənim demək istədiyim budur: dəyişiklik lazımdır, amma dəyişiklik keyfiyyətli və məqsədyönlü olmalıdır".

Xalidə Gəray
Musavat.com

Chosen
8
2
musavat.com

3Sources