EN

Rubl ucuzlaşır, Rusiya hökuməti çarə axtarır ƏDV nin artırılması müzakirə olunur

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Son günlər Rusiyada valyuta bazarında ciddi dalğalanmalar müşahidə olunur. Sentyabrın 11-də rublun dəyəri nəzərəçarpacaq şəkildə düşüb: avro kursu fevraldan sonra ilk dəfə 100 rubldan yuxarı qalxıb, ABŞ dolları isə 85,91 rubla yüksəlib. Bu, 2022-ci ildən bəri ən uzunmüddətli dəyər itkisidir. İyulun ortasından etibarən rubl 10–12% ucuzlaşıb.

"AzPolitika" xəbər verir ki, eyni zamanda hökumət büdcə kəsirini azaltmaq üçün ƏDV-in artırılmasını müzakirə edir. Mümkün variantlardan biri bu verginin 22%-ə qaldırılmasıdır.

Mərkəzi Bank sentyabrın 12-də əsas faiz dərəcəsini 17%-ə endirib. Baş bankir Elvira Nabiullina bildirib ki, Rusiya iqtisadiyyatı balanslı artıma doğru dönür və inflyasiya yavaşlayır. Analitiklər sentyabr ayına qədər inflyasiyanın 6,4% olacağını proqnozlaşdırırlar, halbuki iyulda bu rəqəm 6,8% nəzərdə tutulmuşdu.

İqtisadçı Boris Qrozovski qeyd edib ki, inflyasiyanın azalması hələ kifayət qədər hiss olunmur və əsas təsir büdcədən qaynaqlanır. 

Onun sözlərinə görə, hökumət böyük miqdarda vəsaiti hərbi xərclərə və müdafiə sənayesinə yönəldir, bu isə bazarda malların qiymətlərini artırır. İnflyasiya daha çox istehlak mallarında – ərzaq, geyim, mebel – özünü göstərir: “İnsanlar qida xərclərini azaltmırlar, amma böyük alışları – avtomobil, tikinti, təmir xərclərini ixtisar edəcəklər. Bu, istehlakçı sektoruna ciddi zərbədir”.

Qrozovski əlavə edib ki, ƏDV-in artırılması əhalinin cibinə birbaşa təsir göstərəcək: “İki faiz bəndi insanların cibindən çıxacaq – hər bir mal və xidmət üçün ödəniləcək. Bu, istehlaka böyük zərbədir”.

Hökumət müharibəni davam etdirmək üçün büdcə xərclərini maliyyələşdirmək məqsədilə vergiləri artırmaq məcburiyyətindədir. ƏDV artımı təxminən 1,5 trilyon rubl gəlir gətirəcək, lakin bu, büdcə tarazlığını tam təmin etməyəcək. Gələcəkdə gəlir vergisi və fiziki şəxslərin gəlir vergisinin (FİN) artırılması da gündəmə gələ bilər.

Nabiullina isə bildirib ki, fond bazarının uzunmüddətli inkişafı üçün əsas amil faiz dərəcələri deyil, şirkətlərin gəlir artımı, dividendlərin reinvestisiyası və sərmayəçilərin inamıdır: “Əgər şirkətləri əlindən alırsınızsa, fond bazarının artacağını gözləmək olmaz. Artım istəyirsinizsə, davranışınızı dəyişməlisiniz”.

O, həmçinin hökumətin və təhlükəsizlik strukturlarının apardığı milliləşdirmə siyasətinə işarə edib. Son illərdə təxminən 3 trilyon rubl dəyərində müəssisə milliləşdirilib və əmlak müsadirəsi davam edir.

Rusiya iqtisadiyyatı hazırda yüksək hərbi xərclərin fonunda qeyri-sabitdir. Mərkəzi Bank inflyasiyanı nəzarətdə saxlamağa çalışsa da, büdcə kəsiri, ƏDV-in artırılması və milli valyutanın ucuzlaşması istehlakçı sektoruna təzyiqi artırır. Ekspertlər hesab edirlər ki, iqtisadiyyatın mülki sektorunda artım demək olar dayanıb, yalnız hərbi sənaye və metallurgiyada müəyyən irəliləyiş müşahidə olunur.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
azpolitika.info

1Sources