EN

Hakan Fidan mesajı: Sülh müqaviləsi nə vaxt imzalanacaq? (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bu məsələ 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərilə bilavasitə əlaqəlidir. Ermənistanda referendum, ya parlament seçkilərilə eyni vaxtda baş tutacaq, ya da parlament seçkiləri irəli çəkilərək növbədənkənar keçiriləcək. Paşinyan seçkilərdə qalib gələrsə, daha iddialı şəkildə məsələnin üstünə gedəcək ki, bu hadisə referendum keçirilməsinin də yolunu açacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə XİN rəhbəri Hakan Fidanın Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsi imzalanmasının 2026-cı ilin birinci yarısında baş verəcəyini gözlədiyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib. 

"Hakan Fidan 8 avqust Vaşinqton razılaşması ilə bağlı sadəcə yazılı və imzalı deyil, eyni zamanda, şifahi razılaşmalardan da məlumatlıdır. Çünki bu məsələlər hər zaman Bakı ilə Ankara arasında koordinasiya olunur. Hətta Vaşinqton səfəri öncəsi də Türkiyə rəsmiləri bu yöndə məlumatlandırılıb. Deməli, Hakan Fidan bu yöndə tam məlumatlı şəxsdir", deyə politoloq bildirib. 

Ekspertin fikrincə, normal məntiq də deyir ki, gələn ilin birinci yarısına qədər yekun sülh sazişi imzalamaq üçün Azərbaycanın Ermənistandan konstitusiya dəyişikliyi tələbi yerinə yetiriləcək:

"Bu da 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərilə bilavasitə əlaqəlidir".

Həmsöhbətimiz məsələnin reallaşmasının çətin olduğunu desə də, ancaq olmaq imkanını da istisna etməyib:

"Asan görsənməsə də, Ermənistan üçün olmazsa-olmazdır. Çünki Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması hər şeyin yolunu açacaq bir məsələdir. Konkret gözləntilər, İrəvan rəsmilərinin verdiyi konkret vədlər var. Bunun fonunda da Hakan Fidan məsələ ilə bağlı gözləntilərini dilə gətirib. Bütün bunlar Paşinyanın prosesi necə yekunlaşdıracağından asılıdır".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağına ümid etdiyini dilə gətirib. Türkiyəli nazirin sözlərinə görə, Vaşinqtonda yekun imzalar atılmayıb və yekun sülh müqaviləsinin gələn ilin birinci yarısında imzalanması gözlənilir. 

"Azərbaycanla Ermənistan arasında sazişə yekun imza atılan kimi biz də Ermənistanla münasibətlərin normallaşdırılmasına sürətlə başlayacağıq, deyə Hakan Fidan vurğulayıb. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
qaynarinfo.az

1Sources