EN

Nazim Sadıxov kimdir?

BAKI, TurkicWorld, Fərid Mikayılov

Azərbaycan əsilli UFC döyüşçüsü Nazim Sadıxov yüngül çəki divizionunda uğurlu çıxışları ilə diqqət mərkəzinə düşüb. “Black Wolf” ləqəbi ilə tanınan idmançı, nokaut gücü və döyüş üslubu ilə azarkeşlərin rəğbətini qazanıb.

1994-cü ildə Bakıda anadan olan və ABŞ-ın Nyu-York ştatında böyüyən Sadıxov, peşəkar karyerasına 2018-ci ildə başlayıb. Hazırda Serra-Longo Fight Team komandasında hazırlığını davam etdirən döyüşçü, UFC karyerasına isə 2023-cü ildə çıxış etdiyi Evan Elder qarşılaşması ilə start verib. Bu döyüşdə texniki nokautla qələbə qazanaraq debüt edib.

Sadıxov indiyədək 13 peşəkar qarşılaşmada iştirak edib, 11 qələbə, 1 məğlubiyyət və 1 heç-heçəlik nəticə göstərib. Qələbələrinin böyük hissəsi – 6 dəfə nokaut, 2 dəfə isə submission yolu ilə əldə olunub. Onun döyüş üslubu kickboks və sərbəst güləşin kombinasiyası üzərində qurulub.

Nazim Sadıxov iyunun 21-də keçirilən UFC Fight Night: Hill vs. Rountree Jr. turnirində braziliyalı rəqibi Nikolas Motta üzərində inamlı qələbə qazanıb.

Yüngül çəki dərəcəsində çıxış edən Sadıxov qarşılaşmanın ikinci raundunda rəqibinə güclü zərbələr endirərək texniki nokaut (TKO) ilə qalib gəlib. Hakim döyüşü raundun 4:17-ci dəqiqəsində dayandırıb.

Bu qələbə ilə Sadıxov öz çıxışını daha da möhkəmləndirib və UFC-də yüksəlişini davam etdirib. Onun döyüş üslubu və mübarizliyi azərbaycanlı azarkeşlər tərəfindən böyük maraqla izlənilir.

Chosen
32
turkic.world

1Sources