EN

Bağça mühiti: Sevgi yerinə şiddət...

Uşaqlar cəmiyyətin ən həssas və ən müdafiəsiz təbəqəsidir. Bu səbəbdən də onların təlim-tərbiyə aldığı məkanlar, xüsusilə uşaq bağçaları, həm təhlükəsizlik, həm də sevgi ilə əhatələnmiş mühit olmalıdır. Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə aldığı, sosial bacarıqlar qazandığı və cəmiyyətə ilk addımlarını atdığı mühüm təhsil müəssisələridir. Müasir dövrdə bağçalar sadəcə “uşaq saxlanılan yer” deyil, uşağın şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayan erkən inkişaf mərkəzləri hesab olunur. Lakin son zamanlar bağçalarda uşaqlara qarşı zorakılıq hallarının artması, bu sahədə ciddi problemlərin olduğunu göstərir. Bir-birinin artınca yayılan şiddətin əks olunduğu videolar bağçaların sevgi dolu mühitin olmadığını açıq-aydın sübutudur. Bağça müəllimlərinin azyaşlılarla o formada davranmasının səbəbi nədir - kadrların peşəkarlıq səviyyəsinin aşağı olması, yoxsa nəzarətin zəifliyi?

Uşaq bağçalarında təhsilverənlərin davranışlarını tənzimləyən etik davranış qaydaları var. Hər bir təhsil müəssisəsinin rəhbəri orada həmin qaydalara riayət olunmasına görə məsuliyyət daşıyır. Bundan başqa hər bir təhsil müəssisəsinin özünün daxili intizam qaydaları olmalıdır. Hər bir işçinin, o cümlədən də təhsilverənlərin həmin etik davranış qaydalarına riayət etməsi onun vəzifə borclarından, öhdəliklərindən biri sayılır. Bu öhdəlikləri yerinə yetirməyən şəxslərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndiylə xitam verilir. Bağçada şiddət görən uşaqlar heç də həmişə bunu dərhal ifadə edə bilmirlər. Onlar ya qorxudan, ya da vəziyyəti tam anlaya bilmədikləri üçün yaşadıqlarını gizlədirlər. Erkən yaş dövrü insanın psixoloji inkişafında ən həssas mərhələdir. Bu dövrdə uşaqlar özlərini və ətraf aləmi kəşf etməyə çalışırlar. Onlara qarşı istənilən zorakılıq – istər fiziki, istərsə də emosional – onların inkişafına, güvən hissinə və gələcək münasibətlərinə dərin təsir göstərir. Bağçada tərbiyəçi və ya digər uşaqlarla ünsiyyətdə zorakılıq yaşayan uşaq, bəzən bunu sözlə ifadə edə bilməsə də, davranışları ilə siqnallar verir. Məsələn, birdən-birə susqunlaşma, aqressiya, tək qalmaq istəyi, gecə qorxuları və ya qida rədd etmə kimi əlamətlər müşahidə edilə bilər.

Uşağı bağçaya apararkən valideynlər əsasən məkana, qiymətə, yeməyin keyfiyyətinə və çeşidinə fikir verirlər. Ancaq əsas diqqət yetirilməli olan məqamlar bunlar deyil. İlk növbədə bağçadakı kadr potensialına, tərbiyəçilərə diqqət yetirilməlidir.

Psixoloq Arifə Məmmədovanın sözlərinə görə, bağçalarda uşaqlara qarşı göstərilən fiziki və psixoloji şiddət, sadəcə həmin anın ağrısı və qorxusu ilə bitmir. Bu cür zorakılıq uşağın ruhunda dərin izlər buraxır və bəzən bütün həyatına mənfi təsir göstərir. Erkən yaş dövründə yaşanan travmalar, xüsusilə də tərbiyəçi və ya qayğı göstərməli olan şəxs tərəfindən edilən şiddət uşaqlarda güvən problemi, özgüvən əskikliyi, sosial fobiya, aqressiya və ya depressiya kimi problemlərə səbəb olur:

167651 “Uşaq üçün bağça eyni zamanda ikinci evdir. Əgər o, orada qorxu, zorakılıq və sevgi əskikliyi ilə qarşılaşırsa, bu onun gələcək həyatına da psixoloji yük kimi daşınır. Buna görə də bağçalarda çalışan şəxslər yalnız pedaqoji biliklərə deyil, həm də yüksək emosional-intellektə və psixoloji hazırlığa sahib olmalıdırlar. Uşağa verilən hər bir şiddət bir ömür boyu unudulmayan psixoloji zərbədir. Bağçalar uşaqlar üçün yalnız təhsil və tərbiyə məkanı deyil, eyni zamanda sosiallaşdıqları və ilk dəfə ailədən kənar mühitlə tanış olduqları mühüm psixoloji məkandır. Burada formalaşan təəssüratlar, davranış modelləri və emosional bağlar uşağın gələcək həyatında mühüm rol oynayır. Məhz buna görə də, bağçalarda uşaqlara qarşı istənilən fiziki və ya psixoloji zorakılıq, istər bir dəfə olsun, istərsə də təkrarlanan şəkildə onların daxili dünyasında silinməz izlər buraxır. Uşaqlar yetkin insanlar kimi yaşadıqlarını dildə ifadə edə bilməsələr də, onların bədənləri və davranışları yaşananları yadda saxlayır. Şiddətə məruz qalan uşaqda xroniki qorxu hissi, narahatlıq, güvən problemi, davranış pozuntuları, sosial fobiya, hətta somatik əlamətlər, məsələn, baş ağrıları, qarın ağrıları, sidik qaçırma və s. müşahidə oluna bilər. Bu hallar çox zaman valideynlər tərəfindən 'adi kapriz' kimi qəbul edilsə də, əslində, psixoloji travmanın nəticəsidir. Ən təhlükəlisi isə budur ki, bağçada zorakılığa məruz qalan uşaq özünü günahkar hiss etməyə başlayır. O düşünr ki, “mən pisəm, ona görə məni cəzalandırırlar”. Bu düşüncə onun şəxsiyyətində aşağılıq kompleksi, özünü dəyərsiz görmək və uzunmüddətli psixoloji çətinliklər yarada bilər”.

Psixoloq qeyd edib ki, uşaq üçün ilk münasibət təcrübəsi onun tərbiyəçisi ilədir. Əgər bu münasibət zorakılıqla müşayiət olunursa, uşaqda gələcəkdə müəllimə, məktəbə və ümumilikdə avtoritet fiqurlarına qarşı qorxu və inamsızlıq yaranır. Daha sonra bu, təhsildən uzaqlaşma, sosial adaptasiya çətinlikləri və hətta depressiya ilə nəticələnə bilər: “Unutmamalıyıq ki, uşaq qorxduğunu, utandığını və ağrı hiss etdiyini bəzən ifadə edə bilmir. Amma onun gözləri, davranışı və bədəni hər şeyi deyir. Bu səbəbdən valideynlər və bağça rəhbərliyi bu siqnalları vaxtında duymalı, hər bir şikayəti ciddi qəbul etməlidir: “Uşaqlara qarşı bağçalarda göstərilən şiddət sadəcə bir tərbiyə üsulu deyil, bu, uşağın ruhuna vurulan yaradır. Bu yara görünməsə də, bəzən bir ömür boyu sağalmır. Buna görə də bağçalar təkcə nəzarət edilən deyil, həm də sevgi və şəfqətlə idarə olunan məkanlara çevrilməlidir”.

Bağçalara müəllimlər işə qəbul olunan zaman onlar mütləq şəkildə müəyyən parametrlərə görə dəyərləndirilsin. Bu parametrlər içərisində onların etik davranışları, əxlaqi normaları və aqressiya səviyyələri də ölçülüb, öyrənilməlidir. Nə qədər aqressiv olduqları müsahibə zamanı danışıqlarından, yaxud özlərini aparma şəklindən görülə bilər. Əgər bir müəllimdə bu kimi problemlər görülsə, o tərbiyəçi kimi bağçaya işə alınmamalıdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, məktəbəqədər təhsil müəssisələri uşaqların təkcə öyrəndiyi yer deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşmağa başladığı ilk sosial mühitdir. Belə bir mühüm mərhələdə uşaqlara qarşı istənilən fiziki və ya psixoloji zorakılıq tamamilə yolverilməzdir və ciddi nəticələrə yol aça bilər:

167652“Tərbiyəçi şiddəti heç bir halda “intizam” və ya “tərbiyə” adı altında əsaslandırıla bilməz. Əksinə, bu cür davranışlar uşaqlarda qorxu, güvən itkisi və psixoloji travma yaradır. Unutmayaq ki, uşağa qarşı yönəlmiş hər bir zorakılıq cəmiyyətin gələcəyinə vurulan zərbədir. Buna görə də bağçalarda çalışan heyət yalnız pedaqoji yox, həm də etik və psixoloji hazırlığa malik olmalıdır”.

Professorun dediyinə görə, pedaqoji və psixoloji savadı olmayan şəxslər uşaqlarla işləyəndə, stres anlarında düzgün davranmaq əvəzinə zorakılığa əl atırlar. Bəzi valideynlər isə uşağın davranışlarındakı dəyişiklikləri şiddət əlaməti kimi dəyərləndirmir, bu isə problemin vaxtında aşkar olunmasına mane olur: “ Uşaqlar öz hisslərini ifadə etməyə təşviq olunmalıdır. Onların fikri dinlənilməli və qorxuya deyil, etimada əsaslanan ünsiyyət qurulmalıdır. Bağçada uşağa qarşı göstərilən zorakılıq, təkcə o uşağın deyil, bütün cəmiyyətin gələcəyini zədələyir. Bu cür halların qarşısını almaq üçün təkcə valideynlərin deyil, həm də dövlət orqanlarının, pedaqoji heyətin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bağçalar uşaqlar üçün sevgi, təhlükəsizlik və şəfqət məkanı olmalıdır, qorxu və travma yeri yox”.

Nərmin Qarazadə

Chosen
23
azedu.az

1Sources