EN

Diplomatik triumph

Azərbaycan bu mərhələyə prinsipial dövlət siyasətinin məntiqi nəticəsi olaraq çatıb

Ermənistanla sülh sazişinin paraflanması Azərbaycanın diplomatik triumfu olmaqla, beynəlxalq aləmdə artan nüfuzunun və  regiondakı liderliyinin sübutudur.  

Sülh təşəbbüsünün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə reallaşması bu prosesə strateji dəstək və qlobal legitimlik statusu verib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan bu mərhələyə hər hansı qlobal siyasi konyunktura nəticəsində deyil, İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm Zəfər sayəsində, illərlə yürüdülən prinsipial və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi olaraq çatıb. Bu, Prezident İlham Əliyevin uzaqgörənliklə apardığı və daim milli maraqlara söykənən cəsarətli və qətiyyətli siyasətinin nəticəsidir.  "Qlobal və regional müstəvidə uğurlarımızı şərtləndirən həm də dövlət siyasətinin konkret prinsiplərə və dəyərlərə əsaslanmasıdır. Dövlətimizin siyasi fəlsəfəsi ləyaqətli dövlət, qətiyyət və etibar kimi prinsiplərin vəhdətində formalaşıb və bu model sözlə yox, əməli işlə sübut olunub. Dövlətimiz beynəlxalq münasibətlərdə balanslaşdırılmış və çoxvektorlu siyasət yürüdür. Bu çərçivədə bütün ölkələrlə münasibətlərimiz də tərəfdaşlıq, qarşılıqlı maraq və hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanır", - deyə deputat bildirib. 

Komitə sədri qeyd edib ki, Azərbaycan öz maraqları naminə qlobal güc mərkəzləri ilə əməkdaşlıq edən müstəqil dövlətdir. Biz öz yolumuzun sahibiyik. Vaşinqtonda keçirilən görüş həm də Azərbaycanla ABŞ arasında münasibətlərin yeni keyfiyyətdə qurulmasının başlanğıcıdır. Ölkələrimiz arasında əlaqələr artıq enerji və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Bu münasibətlər kompleks, çoxşaxəli və strateji bir əməkdaşlıq modelinə çevrilir.  

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması, əməkdaşlığın ən strateji elementlərindən biri kimi çıxış edir: "Bu, sadəcə infrastruktur layihəsi deyil, həm də regionun iqtisadi-siyasi konfiqurasiyasını dəyişən strateji arteriyadır. Bu dəhliz vasitəsilə region ölkələri üçün sərfəli tranzit, ixrac və logistika imkanları yaranır".

A.Əmiraslanov bildirib ki, sülh sazişinin paraflanması, ilk növbədə, Ermənistan üçün strateji dönüş nöqtəsi olmaqla, destruktiv siyasətdən qarşılıqlı faydalı əməkdaşlığa keçid, regional inteqrasiyada iştirak üçün unikal imkan yaradır. Bu, Azərbaycanın milli təhlükəsizlik arxitekturasını daha da möhkəmləndirəcək. Biz paralel olaraq,  həm də iqtisadi təhlükəsizlik istiqamətində ardıcıl və sistemli tədbirlər görməliyik. Mövcud reallıqlar bunu xüsusilə diktə edir. "Qətiyyətli siyasətə, prinsiplərə və prinsipiallığa əsaslanan dövlətçilik yolu heç də həmişə hamar olmur. Bu siyasət müqavimətlə, maneələrlə qarşılaşır. Biz risklərlə üzləşsək də, prinsip və dəyərlərimizdən imtina etmirik. Azərbaycan bu maneələri dəf etmək, təhdidləri neytrallaşdırmaq iqtidarında olan müdrik, çevik və güclü dövlətdir. Ölkəmiz etibarlı, sözünün sahibi olan tərəfdaş olduğunu hər zaman sübut edib. Azərbaycan döyüş meydanında qətiyyətlə döyüşdüyü kimi, dostluğu və tərəfdaşlığı da ləyaqətlə edir.  Biz tərəfdaşlarımıza münasibətdə etibarlı və sədaqətliyik. Lakin bu dəyərlər birtərəfli deyil, qarşılıqlı olmalıdır. Bunu istər yaxın, istər uzaq, istər şimal, istərsə də cənub qonşularımız nəzərə almalıdırlar", - deyə o əlavə edib.

Komitə sədri vurğulayıb ki, sülh sazişinin paraflanması ilə Azərbaycan təkcə ədaləti bərpa etməyib, həm də regionun gələcəyinə dair baxış bucağını dəyişib. Yeni mərhələ - əməkdaşlıq, inteqrasiya, inkişaf və rifah mərhələsidir.  Bu mərhələdə regionun sabitlik dayağı və qarantı kimi Azərbaycanın rolu və təsir gücü daha da artacaq.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources