EN

Türkiyədə 12 sentyabr 1980-ci il çevrilişindən 45 il keçir

BAKI, TurkicWorld / AzerVoice Analitik Təhlil Mərkəzi

Türkiyənin demokratiya tarixinə qara ləkə kimi düşən 12 sentyabr 1980-ci il hərbi çevrilişindən 45 il ötür. General Kenan Evrenin rəhbərlik etdiyi xunta idarəni ələ alaraq Konstitusiyanı ləğv etdi.12 sentyabr 1980-ci il səhəri Silahlı Qüvvələr “Bayraq Hərəkatı” kod adı altında hakimiyyətə əl qoydu və Milli Təhlükəsizlik Şurası adı altında ölkəni idarə etməyə başladı.

Çevriliş prosesində 650 min nəfər saxlanıldı, 50 nəfər edam edildi, minlərlə şəxs vətəndaşlıqdan çıxarıldı və on minlərlə insan “təhlükəli” sayılaraq işdən qovuldu.

Çevrilişi həyata keçirən Kenan Evren və Tahsin Şahinkaya, 2010-cu il referendumundan sonra toxunulmazlıqları ləğv edilərək məhkəmə qarşısına çıxarıldı və ömürlük həbs cəzası aldılar.

“Bayraq Hərəkatı” kod adı ilə planlaşdırılan çevriliş 12 sentyabr səhəri Baş Qərargah rəisi ordu generalı Kenan Evrenin radiodan oxuduğu bəyanatla həyata keçirildi.

Evren və ordu komandanlarından ibarət Milli Təhlükəsizlik Şurası Konstitusiyanı ləğv edərək, Türkiyə Böyük Mİllət Məclisini bağladı və bütün hakimiyyəti öz əlində topladı. Ölkə üzrə fövqəladə vəziyyət elan edildi, siyasi partiyalar və çoxsaylı ictimai birliklər qapadıldı.

Dövrün siyasi liderləri — Süleyman Dəmirəl, Bülənt Ecevit, Nəcməddin ƏrbakanAlparslan Türkeş sürgün edilərək siyasi qadağa altına alındı.

Çevrilişdən sonrakı dövr ağır insan haqları pozuntuları ilə yadda qaldı. Bu müddətdə 650 min nəfər saxlanıldı, açılan 210 min iş üzrə 230 min nəfər mühakimə olundu və 517 nəfərə edam hökmü verildi.

Bu hökmlərin 50-si icra edildi. 17 yaşı olan məhkum Erdal Erenin yaşının böyüdülərək edam edilməsi çevriliş dövrünün ən faciəli hadisələrindən biri kimi yaddaşlarda qaldı.

Kenan Evrenin Eren haqqında dediyi “Asmayaq da bəsləyəkmi?” ifadəsi isə ordunun antidemokratik və qəddar münasibətinin açıq etirafı kimi tarixə düşdü.

Xunta hakimiyyəti 1982-ci il Konstitusiyasına əlavə etdiyi “müvəqqəti 15-ci maddə” ilə özünə ömürlük məhkəmə toxunulmazlığı təmin etdi. Bu müddəa çevrilişçilərin illərlə məsuliyyət daşımalarının qarşısını aldı.

Yalnız 12 sentyabr 2010-cu il Konstitusiya dəyişikliyi referendumu ilə bu maddə ləğv edildi və çevrilişçilərin mühakimə olunmasına şərait yarandı. Referendumun dərhal ardından ölkənin dörd bir yanından Evren və tərəfdarları barədə cinayət işləri açıldı.

Ankara Respublika Baş Prokurorluğunun istintaqı nəticəsində həmin dövrdə sağ qalan Kenan Evren və Tahsin Şahinkaya barəsində cinayət işi açıldı.

Məhkəmə nəticəsində hər iki general 2014-cü ildə “ağırlaşdırılmış ömürlük həbs” cəzasına məhkum edildi və bu cəza sonradan “ömürlük həbs”lə əvəz olundu.

Kenan Evren 2015-ci ildə 98, Tahsin Şahinkaya isə 90 yaşında vəfat etdi.

Chosen
5
1
turkic.world

2Sources