EN

Azərbaycan-Ermənistan sərhədinin növbəti demarkasiya yeri bilindi...


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin demarkasiyası prosesində yenilik ola biləcəyini deyib. Lakin bununla bağlı o, təfərrüatları açıqlamayıb.

Bununla belə, yaxın zamanda demarkasiya komissiyalarının iclasının keçirilməsi və prosesin davam etdirilməsi gözlənilir. İndi maraq doğuran odur ki, sərhədin müəyyən edilməsi prosesi haradan başlayacaq və hansı istiqamətdə uzanacaq? Qeyd edək ki, sərhəd demarkasiyası komissiyalarının rəhbərləri Şahin Mustafayev və Mher Qriqoryan bir həftə əvvəl görüşüblər. Belə ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub. Tərəflər bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazirin müavini Qriqoryanın ofisindən bildiriblər ki, görüş Sünik vilayətinin cənub bölgələrində və Zəniəlan bölgəsində baş tutub. Bu o deməkdirmi ki, demarkasiya prosesi əvvəllər elan olunduğu kimi Tavuşdan yox, Zəngəzurdan bərpa olunacaq? Baş nazirin müavini Qriqoryanın ofisi bu suala birbaşa cavab verməyib, sadəcə, diqqətə çatdırılıb ki, müzakirələr davam edir. Erməni kartoqraf Samvel Meliksetyan Ararat Mirzoyanın əvvəlki şərhlərinə əsaslanaraq güman edir ki, İrəvan Azərbaycandan Naxçıvana yol açmağı planlaşdırdıqları Sünikdən başlayacaqlar: “Sadəcə Azərbaycanın harada bitdiyi və Ermənistanın harada başladığı aydın olmalıdır ki, həm də sərhəd infrastrukturu olsun. Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası komissiyalarının nümayəndə heyətləri Vaşinqton razılaşmalarından sonra ilk dəfə görüşüblər . Tərəflər çox güman ki, yolun keçməli olduğu hissənin demarkasiyasını müzakirə edirlər. Söhbət yalnız bu hissədən gedirsə, onda ərazi mübahisəsindən söhbət gedə bilməz, burada hər şey aydındır. Əgər biz də rabitədən danışırıqsa, orada nə erməni tərəfi, nə də Azərbaycan tərəfi üçün heç bir problem yoxdur. Əsasən, mənzərə dəyişməz qalacaq, necədirsə, onlar haradasa yoxlanış nöqtələri ilə daha aydın olacaqlar”.Beləliklə, hadisələr göstərir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə Azərbaycanla Ermənistanın sərhədi müəyyən edilir. Xatırladaq ki, ötən ilin aprelində əldə olunmuş razılaşmaya əsasən, Ermənistanın Azərbaycana qaytardığı Qazaxın 4 kəndinin ərazisi may ayından etibarən Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Azərbaycan və Ermənistan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.

Hazırda Ermənistanın işğalı altında 4 kəndimiz qalır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi. Bu kəndlərin hər biri indiki Ermənistan ərazisi ilə əhatə olunub. Həmin kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. İndiki proseslər fonunda həmin 4 kəndin qaytarılması məsələsinin də həllini tapacağı istisna deyil. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı müəyyən yeniliklərin olduğunu qeyd edib. Ermənistan baş naziri Nikol Paşinyan da sərhədlə bağlı məsələnin mühüm əhəmiyyət kəsb etdiyini bildirir: “Hamını gedib Kirants kəndini görməyə dəvət edirəm. Soruşurdular ki, Əskiparada kilsə necə olacaq? Qoy bu gün getsinlər və Kirantsa baxsınlar. Bu gün örnək kənddir. Deyirdilər ki, insanlar köçürlər. Ən yaxşı vaxtlarda Kirantsda 84 ev var idi, bu gün isə orada 50-dən çox yeni ev tikilir”. Baş nazir bildirib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi olaraq delimitasiya edilmiş sərhədə malikdir. O, bu prosesə görə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycanla sərhəddə və ölkənin digər giriş-çıxış məntəqələrində yeni nəzarət mexanizmləri tətbiq ediləcək. O, Ermənistanın sərhəd təhlükəsizliyində müasir texnologiyalardan aktiv istifadə etdiyini bildirib. Vurğulayıb ki, ölkə sərhədlərində pasport nəzarəti artıq elektron oxu cihazları vasitəsilə həyata keçirilir: “Normal rejimdə insanlar iştirak etmədən pasport yoxlamaları aparılır. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar olunduqda müdaxilə edirlər. Bizim siyasətimiz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu daha da artırmaqdır. Bu, davamlı və institusional sülhə, sabitliyə doğru gedən yolda vacib aralıq addımdır”. Baş nazir əlavə edib ki, bu cür avadanlıqların tətbiqi yalnız Azərbaycanla sərhədlə məhdudlaşmır, həm Gürcüstan, İran, həm də Türkiyə sərhədlərində də genişlənəcək və hava limanlarında da istifadəyə veriləcək. Məqsəd sərhəd-keçid prosesini daha sürətli və effektiv etməkdir.

Ramil QULİYEV

Chosen
7
baki-xeber.com

1Sources