EN

Ermənistanın Qarabağda törətdiyi cinayətlər məhkəmədə elan olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 12-də davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilib.

Elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin olduğu avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlifçaplı odlu silahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nəriman qızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Həmçinin 1991-ci il martın 2-də Xocavənd rayonunun Xocavənd kənd sakini Yusifov Haqverdi Şəfi oğlunun ermənilər tərəfindən odlu silahdan atəş açılaraq qəsdən öldürülməsi, martın 8-də Xocavənd rayonunun Qaradağlı kənd sakinləri Quliyev Əkbər Məmməd oğlu və Hüseynov Zülfüqar Dəmir oğlunun odlu silahla atəş açmaqla qətlə yetirilməsi və digər faktlarla əlaqədar cinayət işlərinin materialları elan edilib.

Elan olunan digər sənəd 1991-ci il aprelin 4-də uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə əlaqədar olub. İçərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus vertolyot Şuşa rayonunun Göytala kəndinə uçuş zamanı atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndinə məcburi eniş edərək qəzaya uğrayıb, bəzi sərnişinlər yaralanıb.

1991-ci il fevralın 20-də “QAZ-469” markalı avtomobilin atəşə tutulması, İmanov Daşdəmir Teyyub oğlunun və Musayev Gürzalı Oruc oğlunun öldürülməsi faktları üzrə materiallar və fotolar da diqqətə çatdırılıb.

Bundan başqa, azərbaycanlıların öldürülməsi, evlərinin dağıdılması və sair məqsədlə silahlı dəstələr yaradılması, 1991-ci il aprelin 18-də Şuşa rayonunun Nəbilər kəndinin, aprelin 23-də Şuşa şəhərinin atəşə tutulması, aprelin 19-da Şuşa-Ağdam marşrutu ilə hərəkət edən avtomobil karvanına hücum edilməsi üzrə faktlar da elan olunub.

Chosen
6
49
publika.az

10Sources