EN

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Ədəbiyyatsevərlər və ədəbi cameə üçün maraqlı olduğunu nəzərə alaraq, “cebheinfo.az” "kulis.az"a istinadən yazıçı Natiq Məmmədlinin "Sev" romanı haqqında yazdığı Yunis Orucovun "“Sev” – Sakura ətirli məhəbbət romanı" yazısını təqdim edir.

Yazıçı Natiq Məmmədlinin “Sev” romanının ilk dəfə işıq üzü görmüş jurnal versiyasını və birinci uğursuz çap tarixçəsinin doğurduğu məyusluğu yaxşı xatırlayıram. Amma bütün bunlardan əvvəl yaddaşım məni pandemiyadan əvvələ, romanın yazıldığı vaxtlara aparır. Dəqiq xatırlayıram ki, onda Natiq başqa ovqatda, tamam başqa havada idi. Biz tez-tez görüşürdük və mən onda onun yaradıcı eşqini, həyacanını, əsərə münasibətdə daxili məsuliyyətini hamıdan daha yaxşı və daha çox hiss edirdim. Onda Natiqin gözləri bəlkə də həmişəkindən çox yol çəkirdi, daha çox dalğın olurdu. O, növbəti dəfə ədəbiyyatın çətin sınağından, ağır yaradıcı prosesdən keçirdi və həmin məqamlarda ancaq susmaq işə yarayırdı. Onun bu əhvalını pozmağa ürəyim gəlmirdi.

O vaxtdan xeyli vaxt keçib və “Sev” romanı öz oxucusuna çatmaq üçün nə az-nə çox, beş il yol gəlməli, bəlkə də gözləməli olub. Lakin, “TEAS Press” Nəşriyyat Evinin yüksək estetik zövq, cəlbedici tərtibat və yeni redaktədə yenicə nəşr etdiyi kitabı görəndə anladım ki, “Sev”in bu qədər gözləməyənə dəyərmiş.

Təqdimatda da qeyd olunduğu kimi, sakura ətirli bu məhəbbət romanı günahı yalnız bir-birini sevmək olan, iki fərqli dinə sitayiş edən gənclərin məhəbbətləri yolunda mübarizəsindən bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşığı Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopub. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür.

Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Roman dünyanı bir mətnə sığışdırmağa cəhd göstərərək universum yaradır.

“Sev”in əsas personajları çoxqatlı, fərqli baxış bucaqlarını əks etdirən, insan təbiətinin müxtəlif tərəflərini işıqlandıran obrazlardır. Əsərin mərkəzində duran əsas qəhrəmanlar – Səid və Müjdə yalnız fərdi hekayələri ilə deyil, həm də müasir dünyanın sosial və mədəni problemlərini əks etdirən simvollardır.

Səid xarakter olaraq qloballaşan dünyanın sərhədləri daxilində insanın öz kimliyini qorumağa çalışmasının təcəssümüdür. Onun vətənindən uzaqda özünü tapmağa çalışması, eyni zamanda ailə və tayfa ənənələri ilə qarşıdurması obrazı həm müasir, həm də universal bir simvola çevirir. Bu, müasir dünya ədəbiyyatında “öz yerini tapmağa çalışan fərd” mövzusunun aktuallığını bir daha təsdiqləyir.
Müjdə isə sevginin təmiz və təmənnasız tərəfini təmsil edir. Onun sevgi dolu təbiəti, yalnız Səidlə münasibətlərində deyil, həm də onunla birgə üzləşdikləri çətinlikləri dəf etməkdə özünü göstərir. Müjdə obrazı eyni zamanda bir qadının qarşılaşdığı sosial və mədəni çətinlikləri işıqlandırır, qadın azadlığı mövzusunda mesaj verir.

İkinci plan obrazları... Səidin ailəsi, Müjdənin tanışları və onların dünyasındakı insanlar əsərin fonunu genişləndirir. Bu obrazlar həm mədəniyyətlərarası ziddiyyətləri, həm də bəşəri münasibətlərin çətinliklərini üzə çıxardır. Məsələn, amerikalı Baba Kruz kimi obrazlar təkcə köhnə dəyərlərin daşıyıcısı deyil, həm də dünyanın dəyişən sifətinin şahidləridir.

Əsərdə kifayyət qədər mədəni, alicənab şəxslər kimi rəğbət qazanan Tomas əmi və Merio xala isə sanki qoca qitənin, Avropanın “səfirləri”dir. Bu kontesktdən diqqət yetirdikdə romanda heç bir detalın təsadüfü olmadığını yəqinləşdirmək mümkündür.

Diqqətli oxucu, burada Rusiyanın, Ukraynanın, Türkiyənin və bütövlükdə Şərq dünyasının “elçiləri” olan insanları tanıya bilər. Onların mübarizələri, davranışları da öz coğrafiyalarının xarakterinə uyğun cərəyan edir, bunu müəyyənləşdirməyi diqqətli oxucunun öz öhdəsinə buraxaq.

Romanda sevgi və səyahət motivləri xüsusilə diqqət çəkir. Sakura ağacı yapon mədəniyyətindəki simvolizmin parlaq nümunəsi olaraq, yalnız təbiət gözəlliyini deyil, eyni zamanda həyatın ötəri və kövrəkliyini təcəssüm etdirir. Bu baxımdan, Müjdənin “Sakura çiçəyi” ilə müqayisəsi onun obrazına daha poetik və emosional çalar qatır.

Diqqətimdən yayınmayan bir faktı da qeyd edim ki, romanın yazı texnikası orijinallığı ilə seçilir. Kompazisiya elə qurulub ki, süjetin fabula ilə tam üst-üstə düşməməsi, oxucunu əsərin məğzinə tədricən daxil edir. Paralel zaman xətləri və retrospektiv təsvirlər romanın strukturunu zənginləşdirir. Bununla yanaşı, müəllifin təsvirlərdə poetik dilə üstünlük verməsi, oxucunun diqqətini yalnız hadisələrə deyil, həm də dərin fəlsəfi məna daşıyan detallara yönəldir. Dialoqların realizmi və obrazların danışıq tərzindəki təbii ifadə formaları, hadisələri daha canlı və oxunaqlı edir. Bununla belə, bəzi yerlərdə təsvirlərin və dialoqların uzunluğu, düşünürəm ki, hardasa tempi azalda bilər ki, bu da əsərin kəmhövsələ oxucular üçün bir qədər uzun və ya yorucu görünməsinə səbəb ola bilər.

Dünyanın müxtəlif coğrafiya və mədəniyyətlərinin təmsil olunduğu əsərdə şəxsi qənaətimə görə, Azərbaycanı və bütövlükdə Şərq müdrikliyini Sarı Aşıq təmsil edir. Romanda Sarı Aşıq obrazı və magik realizm xətti əsərin məzmununa dərinlik, mistik cazibə qatır.

Sarı Aşıq obrazı ilə əlaqəli səhnələrdə müəllif xalq ədəbiyyatı üslubunu qoruyaraq, həmin anlara sehrli əhval-ruhiyyə əlavə edir. Bu yanaşma əsərin əsas mövzusu olan sevginin gücünü daha qabarıq şəkildə vurğulayır, onu bəşəriyyətin mistik hekayələrinə bağlayır. Magik realizmin ifadəçisi olan Sarı Aşıq xətti, eyni zamanda, oxucuya sevginin yalnız insani deyil, həm də kosmik və əbədi bir təcrübə olduğunu xatırladır. Bu elementlər müasir Azərbaycan ədəbiyyatında daha az işlənən məqamları ön plana çəkir, əsəri qlobal magik realizm ənənələrinə yaxınlaşdırır.

“Sev”in mərkəzində duran sevgi, sosial bərabərsizlik, mədəniyyətlərarası dialoq və insan azadlığı mövzuları müasir dövrdə olduqca aktualdır. İnsanların öz seçimləri uğrunda mübarizəsi, fərqli dünyaların toqquşması, oxucunun həm fərdi, həm də kollektiv düşüncə tərzini dəyişdirməyə çağırır. Bu mövzular müasir ədəbiyyatda diqqət mərkəzindədir və “Sev” bu ənənəyə özünəməxsus töhfə verir. Ona görə də ürəklə, cəsarətlə deyirəm ki, “Sev” Azərbaycan ədəbiyyatında hadisədir. Çünki Səidlə Müjdənin real məhəbbət hekayətinə məhz Azərbaycan yazıçısı öz əsəri ilə abidə qoyub.

Onların sevgisini həm milli, həm də bəşəri dəyərə çevirib. Bu, Azərbaycan ədəbiyyatının qələbəsidir, sözün qələbəsidir, bizim yazıçımızın qələbəsidir!/Kulis.az

“Cebheinfo.az”

Chosen
9
2
cebheinfo.az

3Sources