EN

Nazir təhsil ekspertlərinə yenə sataşdı...


"Bizə görə təhsil eksperti anlayışı yoxdur”. Bunu Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, onları siz qəbul etmisiniz və elə təqdim etmisiniz: "Bizə görə təhsil mütəxəssisləri var. Təhsil ekspertləri təhsili daha yaxşı etmir. Bizdə təhsil ekspertləri institutu yoxdur. Ekspertlik institutunu biz özümüzdən yaratmışıq. Kimsə öz həyatını təhsildən danışmağa həsr edirsə, biz ona nə deyə bilərik? Utanmasan oynamağa nə var ki? Adam çıxır, rəy verir. Adam özü-özünə ad qoyub, siz də onu qəbul eləmisiz. Biz nə edə bilərik? Onların qaldırdığı problemlərlə mən də razıyam. Aralarında hörmət etdiyim şəxslər də var. Söhbət bütün ekspertlərdən getmir".

Maraqlıdır, təhsil eksperti institutu nədir və ekspertlər nazirin fikri ilə razıdırmı?

Elmin Nuri: “Dünyanın heç bir yerində təhsil eksperti institutu mövcud deyil”

Təhsil ekspert Elmin Nuri "Bakı-Xəbər"ə şərhində bildirdi ki, dünyanın heç bir yerində təhsil eksperti institutu mövcud deyil: “Nazir bildirib ki, Azərbaycanda təhsil eksperti institutu yoxdur və bu doğrudur. Dünyanın heç bir yerində təhsil eksperti institutu deyə bir qurum yoxdur. Təhsil məsələləri üzrə mütəxəssislərdən ibarət qrup, pedaqoji fəaliyyəti olan şəxslər, təhlil, tədqiqat və araşdırma ilə məşğul olanlar bəzi məsələlərlə bağlı öz şərhlərini verir və təhsil eksperti kimi təqdim olunurlar. Burda hər hansı bir qanunsuzluq yoxdur. Təhsil eksperti adlandırılan şəxslər də bilirlər ki, bizdə təhsil eksperti institutu yoxdur, amma onlar mütəxəssisdirlər. Məsələn, mən tədqiqatçıyam və təhsil məsələləri üzrə tədqiqat işi ilə məşğulam, mənim işim budur. Başqaları isə özünü təhsil texnoloqu, təhsil tədqiqatçısı və ya təhsil məsələləri üzrə araşdırmaçı kimi təqdim edir".

Elşən Qafarov: “Təhsil eksperti sosial statusdur, rəsmi vəzifə deyil, rəsmi kriteriyaları da yoxdur”

Təhsil eksperti Elşən Qafarov bildirdi ki, Elm və təhsil naziri Emin Əmrullayevin məlum çıxışı təhsildə baş verənləri, real vəziyyəti əks etdirmir: “Nazirin "Azərbaycanda təhsil eksperti yoxdur" fikrinə gəlincə, təhsil eksperti sosial statusdur, rəsmi vəzifə deyil, rəsmi kriteriyaları da yoxdur. Mətbuat və ya cəmiyyət buna təhsil eksperti deyir. Madam ölkədə təhsil eksperti, təhsil mütəxəssisi yoxdur, yaxud Nazirlik bunu qəbul etmir, olsun. Biz təhsil mütəxəssisləri Emin Əmrullayev və onun yaxın adamlarının bütün korrupsiya əməllərini, ölkə təhsilini dağıtmaq yolunda göstərdiyi fəaliyyəti ifşa edirik”.

Günel CƏLİLOVA

Chosen
6
baki-xeber.com

1Sources