“Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq”.
Bunu Offsideplus.az saytına açıqlamasında Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının üzvü Birgül Soltanova (62 kq) deyib.
Güləşçi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatından gözləntilərini açıqlayıb: “Hazırlıqlarım çox intensiv və məhsuldar keçib. Gündəlik məşqlərdə həm fiziki gücüm, həm də taktiki hazırlığım üzərində çalışmışam. Hər məşqdə öz üzərimə daha çox məsuliyyət götürmüşəm və bütün diqqətimi bu yarışa yönəltmişəm. Əlbəttə, yorucu anlar da olub, amma məqsədim böyük olduğu üçün hər zəhmətə dəyib. İndi isə əsas hədəfim xalça üzərində ən yaxşı formada çıxış etməkdir”.
Soltanova komanda yoldaşlarından da medal gözlədiyini vurğulayıb:
“Qarşıda bizi çox güclü və çətin, amma sonu uğurlu olacaq bir sınaq gözləyir. Düşünürəm ki, qadınlardan ibarət komandamız çox yaxşı çıxış edəcək. İnşallah, çəkdiyimiz zəhmət yerdə qalmayacaq. Mən bu yarış üçün çox çalışmışam və əminəm ki, o medal gələcək”.
Qeyd edək ki, mundial sentyabrın 13-21-i aralığında baş tutacaq.