Əvvəlcə bu, sadəcə dövlət elektron xidmətləri portalında işləyən çat-bot idi, sonradan isə vəzifəsi yüksəldi.
Albaniya, görünür, dünyada ilk dövlət olub ki, hökumətdə nazir postunu süni intellektə həvalə edib. Tribunainfo.az Reuters-ə istnadən yazır ki, “Diella” adlı neyron şəbəkə bot dövlət satınalmaları naziri vəzifəsini icra edəcək.
“Diella kabinetin ilk üzvüdür ki, fiziki olaraq mövcud deyil, süni intellekt tərəfindən virtual şəkildə yaradılıb”, – deyə Albaniyanın Baş naziri Edi Rama yeni hökumət tərkibini təqdim edərkən bildirib.
Baş nazirin sözlərinə görə, virtual nazir Albaniyanı “dövlət tenderlərinin 100% korrupsiyadan azad olduğu ölkəyə” çevirməyə kömək edəcək.
Reuters-in yazdığına görə, dövlət müqavilələrində korrupsiya Albaniyada uzunmüddətli problemdir və siyasi qalmaqalların daimi mənbəyidir. Bu, həmçinin ölkənin Avropa İttifaqına üzvlüyə doğru irəliləyişində əsas maneələrdən biridir.
Hələlik “Diella”nın fəaliyyətinə kimlərin faktiki nəzarət edəcəyi aydın deyil, çünki neyron şəbəkənin işində proqram manipulyasiyası riski həmişə mövcuddur.
Diella bu ilin əvvəlində e-Albania platformasında vətəndaşlara dövlət sənədlərini almaqda yardım edən virtual köməkçi kimi istifadəyə verilib. Botun avatarı isə ənənəvi alban geyimində qadın obrazıdır.
Maraqlıdır ki, albanların özləri botun dövlət korrupsiyasını aradan qaldırmaq qabiliyyətinə kifayət qədər skeptik yanaşırlar.
İmran Kərimli