Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 12 sentyabr, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən bizneslərin 99,7 faizinin KOB subyektləri təşkil etdiyini və muzdlu işçilərin 44 faizininməhz KOB müəssisələrində çalışdığını nəzərə alsaq, o zaman, KOB sektorunun geniş bir istehlakçı kütləsinin sudan səmərəli istifadə vərdişlərinin formalaşmasında əhəmiyyətli rol oynaya biləciyini söyləyə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı çərçivəsində keçirilən 6-cı Xəzər Su İnnovasiya Forumunda KOBİA İdarə Heyətinin sədrinin müşaviri Zaur Qardaşov bildirib.
“KOBİA olaraq biz məsələyə həm sosial məsuliyyət, həm də bizneslərin inkişafının təşviqi prizmasından yanaşaraq, effektiv su idarəetmə təcrübələrinin tətbiqi və genişləndirilməsi istiqamətində KOB subyektlərinə dəstək göstəririk. Bu tədbirlər resurs səmərəli və qənaətli biznes proseslərinin təşviqi və birbaşa dəstək mexanizmlərinin təmin edilməsi kimi 2 mühüm istiqamət üzrə həyata keçirilir. Biz bir neçə il bundan əvvəl beynəlxalq proqram çərçivəsində xarici və yerli ekspertlər ilə birlikdə Resurs Səmərəli və Təmiz İstehsal yanaşmasının tətbiqi üzrə layihə həyata keçirdik. Layihə çərçivəsində regionlar da daxil olmaqla KOB-lardan ibarət Resurs Səmərəli və Təmiz İstehsal Klubları yaradılmış, onlara təlim və məsləhət xidməti göstərilmiş, metodiki vəsait hazırlanmış və elektron özünü-qiymətləndirmə platforması yaradılaraq KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib”, - deyə KOBİA rəsmisi bildirib.
Zaur Qardaşov qeyd edib ki, su ehtiyatlarının da əhatə olunduğu “yaşıl biznes” təcrübələrinin tətbiqi məsələsi KOBİA-nın strateji fəaliyyətinin mühüm istiqamətini təşkil edir: “2024-ci ildə KOBİA-nın təşəbbüsü ilə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartı hazırlanaraq qəbul olundu. Eyni zamanda, Ekoloji, Sosial və Korporativ İdarəetmə üzrə milli çərçivə standartı və ESG-Hub elektron platforması hazırlanaraq istifadəyə verildi. KOBİA öz mandatına uyğun olaraq su ehtiyatlarından effektiv istifadə üzrə biznes proseslərinin tətbiqi məqsədilə bir sıra dəstək mexanizmləri təmin edir. 2021-ci ildən başlayaraq KOB-ların tədqiqat, inkişaf və innovativ fəaliyyətini stimullaşdırmaq üçün xüsusi qrant proqramını həyata keçiririk. Qrant proqramı yeni yaşıl texnologiyaların inkişafı və tətbiqi üzrə bir sıra təşəbbüsləri, o cümlədən təkrar emal, tullantısız istehsal, su resurslarının səmərəli istifadəsinin təmin edilməsi və s. layihələri əhatə etmişdir. Hər bir layihə üzrə maliyyələşdirmənin həcmi 20.000 manata qədərdir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.