EN

“Kəpəz” tilsimi qırmalı, “Zirə” fürsətdən yararlanmalıdı - YENİLƏNİR

Bu gün 5-ci tura start veriləcək.

Misli premyer-liqası
1-ci dövrə, 4-cü tur
12 sentyabr
Kəpəz – Araz-Naxçıvan 0:0

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 6:+3=1-2, 14:6.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-40-40.
Qəbələ, şəhər stadionu. Saat 17.45.

"Kəpəz” rəhbərliyinin iclas keçirdiyini və baş məşqçi Adil Şükürova 3 turluq möhlət verildiyini yazmışdıq. Təbii ki, hadisələrin məntiqi axarı məhz belə xəbərdarlıqla nəticələnməliydi. Axı Gəncə təmsilçisi hələ mövsümdə nəinki ilk qələbəsini, ilk xalını belə qazana bilmədiyindən sonuncu pillədə qərarlaşıb. Əsas məsələ komandanın yığmaların oyunlarıyla bağlı fasilədən maksimum yararlanaraq qarşıdakı matçlarda qənaətbəxş nəticələr əldə etməsidi ki, cümə günü “sarı-göylər”in buna nə dərəcədə nail olduğunu öyrənəcəyik. O başqa məsələ ki, “Araz-Naxçıvan” qələbə qazana bilmək baxımından yetərincə çətin rəqibdi. Muxtar Respublika təmsilçisi yeni mövsümdə hələ uduzmayıb. Elmar Baxşıyevin yetirmələri oyundan-oyuna daha yaxşı təsir bağışlayır və iddiasını indidən ortaya qoyur. Ümumiyyətlə, “qırmızı-ağlar”ın yenidən avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağı bəllidi. Komanda məhz bu üzdən aşağı sıralarda qərarlaşan rəqiblərinə daha məsuliyyətlə yanaşmağa məcburdu. Odu ki, Qəbələdəki oyunda hər iki komandanın döyüşkən oyun göstərəcəyini proqnozlaşdıra bilərik. Gəncəlilər üçün yeganə ümid isə aşağıdakı statistikadı.

Belə ki, komandalar indiyə qədər 12 dəfə qarşılaşıb. Bunların 6-da “Kəpəz”, 4-də “Araz-Naxçıvan” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların fərqində “sarı-göylər” öndədi – 20:11.

Qarabağ – Zirə
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 19:+11=7-1, 32:11.
2015/16 – 4:1, 2:0; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:0, 2:0; 2018/19 – 3:2, 0:0; 2019/20 – 1:1; 2020/21 – 3:2, 1:1; 2021/22 – 2:0, 0:0; 2022/23 – 0:0, 2:2; 2023/24 – 0:1, 3:1; 2024/25 – 4:0, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Azərsun Arena”. Saat 20.00.

“Qarabağ”ın gərgin oyun qrafikiylə üz-üzə olduğu bəllidi. “Köhlən atlar” Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək matçlarla yanaşı, premyer-liqa və ölkə kuboku oyunlarında da özünü yaxşı tərəfdən göstərməlidi. Düzdü, ağdamlılar “Zirə” ilə görüşdən cəmi 4 gün sonra Portuqaliyada “Benfika”yla üz-üzə gələcək. Lakin indi sıra çempionat qarşılaşmasındadı. Böyük ehtimalla, baş məşqçi Qurban Qurbanov bu oyunda zədədən və yorğunluqdan qorumaq istədiyi aparıcı oyunçularına şans verməyəcək. Təbii ki, belədə “qartallar”ın qələbə qazanmaq ehtimalı böyük ölçüdə artacaq. Həqiqətən də, ağdamlılarla belə şəraitdə qarşılaşmaq yaxşı fürsətdi. Ancaq məhz oxşar vəziyyət üzündən “Sumqayıt”a uduzan “Qarabağ”ın bu dəfə daha ehtiyatlı davranacağına şübhə yoxdu. Qonaqlar belə məqamları nəzərə almalıdı. Axı Rəşad Sadıqovun komandası liderdi və mövqeyini qorumaq üçün qələbə qazanmaq daha əlverişli yoldu. Bu komandalar indiyə qədər 39 dəfə qarşılaşıb. Bu matçların 26-da “Qarabağ”, 2-də “Zirə” qələbə qazanıb, 11-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 80:21.

KƏNAN BAHADIR

Bu komandaların duelləri ilə bağlı maraqlı faktlar
// Son iki matç heç-heçə başa çatıb. “Araz-Naxçıvan” son 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
// “Qarabağ” son 7 oyunda qol vurub. “Zirə” son 3 səfərdən xalsız ayrılıb.

Chosen
40
football-plus.az

1Sources