EN

Məhkəmədə azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olundu


Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub.
Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nəriman qızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.
Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.
Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.
Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu olan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.
Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.
Chosen
9
49
yeniavaz.com

10Sources