Bu gün, sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilib.
Musavat.com xəbər verir ki, məhkəmə 9-cu aydır ki, davam edir. Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.
Məhkəmə prosesində iş üzrə sənədlər elan olunub. Sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Kamal Baxış oğlu Rəhimovun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub. Digər sənəd 1991-ci il yanvarın 28-də Fəranə Nəriman qızı Nəzərovanın öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.
Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Azər İspəndiyar oğlu Məmmədov 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb. Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Camal Abbasəli oğlu Nəbiyev yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib. Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu olan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.
Bundan başqa, Qorxmaz Murad oğlu Muradovun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Qorxmaz Murad oğlu Muradov 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib. Hazırda proses davam edir.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com