EN

Siqaret reklamının yeni hiylələri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaret istifadəsi hər il dünyada təxminən 8 milyon insanın ölümünə səbəb olur. Onlardan bir milyondan çoxu isə passiv siqaret çəkmənin qurbanına çevrilir.

Tütün məmulatları qlobal miqyasda ən böyük səhiyyə problemlərindən biri hesab edilsə də, istehsalçı şirkətlər müxtəlif üsullarla məhsullarını cəmiyyətə sırımaqda davam edirlər. Azərbaycanda da bu proses “sorğu” adı altında həyata keçirilir, marketlərdə alıcılara yaxınlaşan satış nümayəndələri siqaret və elektron siqaretlərlə bağlı məlumat toplayır, daha sonra isə reklam xarakterli mesajlar verirlər. Halbuki qanunvericilik tütün məmulatlarının reklamını qəti şəkildə qadağan edir.

Proses belə baş verir. Marketlərdə gənc xanımlar yaxınlaşıb “siqaret çəkirsiniz” deyə sual edirlər. Müxtəlif şirkətlərin satış əməkdaşları alıcılara yaxınlaşır və siqaretlə bağlı sorğu aparırlar. Gündə neçə dəfə istifadə etdiyini, hansı markadan olduğunu, elektron siqaretlər barədə fikirlərini soruşurlar. Sonda isə əlaqə nömrələri və e-mail ünvanları götürülür, həmin ünvanlara reklam xarakterli mesajlar göndərilir. Halbuki tütün məmulatları və alkoqol məhsullarının reklamı qanunvericiliyə görə qadağandır. Şirkətlər isə bunu “sorğu” adı altında həyata keçirirlər.

CAHİD.jpg

Məsələ ilə bağlı Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü Cahid Həsənov Musavat.com-a deyib ki, Azərbaycanda hər gün marketlərdə baş verən bu hallar qanunsuzudur:

“Reklam haqqında qanuna əsasən, tütün və alkoqol məhsullarının reklamı qadağandır. Marketlərin içərisində, kassalara yaxın yerlərdə satış nümayəndələri alıcılara yaxınlaşaraq məhsulu tərifləməyə başlayırlar. Hər hansı mətnin və ya reklam xarakterli məlumatın göndərilməsi isə birmənalı şəkildə qeyri-qanunidir. Azərbaycan Dövlət Reklam Agentliyi yaradılıb, lakin bu qurum bütün sahələrdəki reklamlara cavabdeh deyil. Təəssüf ki, agentlik əsasən açıq məkanlara nəzarət edir. Onların metroda, nəqliyyatda, sosial şəbəkələrdə və televiziyada reklamların monitorinqi və nəzarəti ilə bağlı səlahiyyəti yoxdur. Agentliyin adı ilə fəaliyyəti arasında ziddiyyət reklam sferasının geriləməsinə səbəb olur”.

C.Həsənovun sözlərinə görə, reklamlar artıq sosial şəbəkələrdə və telefonlara gələn mesajlarda geniş yayılıb, lakin buna nəzarət edən qurum yoxdur. Bloqçular və influenserlər müxtəlif yollarla alkoqollu içkiləri və tütün məmulatlarını reklam edirlər:

“Qadağan olunmuş reklamların qarşısını almağın yeganə yolu Reklam Şurasının yaradılmasıdır. Avropa və MDB ölkələrində bunun praktikasını görürük. Reklam Şurası həm qapalı məkanlarda, həm də mediada – televiziya, radio, qəzet, sosial şəbəkələr, filmlər və digər sahələrdə yayımlanan reklamları tənzimləməli, keyfiyyətinə nəzarət etməli və qadağan olunmuş reklamların qarşısını almalıdır”.

Mənzər Novruzlu
Musavat.com

Chosen
13
2
musavat.com

3Sources