EN

Alimlər nəhayət ki, Stiven Hokinqin qara dəliklər haqqında məşhur teoremini təsdiqlədilər

Elm adamları iki qara dəliyin ölçülərinin necə böyüdüyünü və bir nəhəng formasiyaya birləşdiyini "eşidə" bildilər. Bu, məşhur fizik Stiven Hokinqin yarım əsrdən çox əvvəl irəli sürdüyü, lakin həyatı boyu heç vaxt təsdiq olunmayan teorem üçün ən yaxşı sübutdur. Bu barədə “Live Science” yazır.

Potsdamdakı Maks Plank adına Qravitasiya Fizikası İnstitutunun doktorantı Adrian Abakın nəzarəti altında aparılan tədqiqat Lazer İnterferometr Qravitasiya Rəsədxanasının yanvarın 14-də etdiyi kəşfə əsaslanır. Həmin gün rəsədxana kosmosda iki qara dəliyin birləşməsini göstərən qravitasiya dalğalarını qeyd etdi və nəticədə yaranan qara dəlik əhəmiyyətli dərəcədə böyük oldu.

Birləşmədən əvvəl iki qara dəliyin ümumi səthi təxminən 243 000 kvadrat kilometr idi. Əksinə, birləşmədən sonra yeni yaranan tək qara dəliyin təxminən 400 000 kvadrat kilometr səth sahəsi oldu.

Alimlər deyirlər ki, onların kəşfi Hokinqin 1971-ci ildə təklif etdiyi qara dəliyin hadisə üfüqü teoremini təsdiqləyir. O, qara dəliyin hadisə üfüqünün səthinin zamanla heç vaxt azala bilməyəcəyini müdafiə edirdi.

"Bu çox sadə bir fikir olsa da, onun böyük nəticələri var", - deyə tədqiqatın həmmüəllifi, Kolumbiya Universitetinin dosenti və Flaytayron İnstitutunun elmi əməkdaşı Maksimiliano İsi bildirib.

Tədqiqatçılar vurğulayıblar ki, bu kəşf insanların qara dəliklər haqqında anlayışını gücləndirir və onlara termodinamik obyektlər kimi baxıla biləcəyini təsdiqləyir. O, həmçinin qara dəliyin içindəki məlumatın (və ya entropiyanın) onun səth sahəsinə mütənasib olduğunu göstərir.

Almaz Həsənli

Chosen
36
oxumeni.az

1Sources