EN

Allahşükür PaşazadəQırğızıstan Respublikasında səfərdə oldu

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bişkek şəhərində keçirililən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmək üçün sentyabrın 10-11-da Qırğızıstan Respublikasında səfərdə olub.

Qırğızıstan Respublikası PrezidentiZati-aliləri Sadır Japarov 11 sentyabrda QMİ sədri A.Paşazadəni qəbul edib. Səmimi şəraitdə keçəngörüş zamanı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salamlarını və xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edən Şeyxülislam A. Paşazadə bildirib ki, Qırğız Respublikası ilə bizi qırılmaz tellər və müştərək dəyərlər bağlayır. Qardaş dövlətlərimizin müdrik siyasi liderləri - Zati-aliləri cənab İlham Əliyev və Zati-aliləri cənab Sadır Japarov arasındakı dostluq və qardaşlıq münasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir və inkişaf edir. QMİ sədri A. Paşazadə xüsusi vurğulayıb ki, Qırğız Respublikası Prezidentinin Azərbaycana hər bir səfərində ölkəmizə və xalqımıza olan diqqət və ehtiramının şahidi oluruq. Qardaş ölkə liderinin Xankəndi Zirvəsində iştirakı qəlbimizi qürurlandıran hadisələrdəndir. Bildirmişdir ki, Qırğızıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adına Parkın özəl mənəvi dəyəri vardır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra azad Qarabağa səfər edən Sadır Japarov cənablarının təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilmiş Aykol Manas adına Xıdırlı orta məktəbinin açılışında Zati-aliləri İlham Əliyevlə birgə iştirakı Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılandı.

QMİ sədri bildirib ki, Türk Dövlətləri Təşkilatı məkanının müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələrindən türk-İslam birliyi faydalanır. Şeyxülislam A. Paşazadə əminliyini ifadə edib ki, Zati-aliləri Sadır Japarovun rəhbərliyi dövründə dini-mənəvi dəyərlərinə xüsusi ehtiram və qayğı mərhələsini yaşayan qardaş Qırğızıstanın evsahibliyi etdiyi görüş tarixən dini və dili bir olan, milli-mənəvi dəyərləri ilə qırılmaz şəkildə bir-birilə bağlı xalqlarımızın əlaqələrini möhkəmləndirmək işinə öz töhfəsini verəcəkdir, inşallah. Qurumun 6-cı iclasının yüksək səviyyədə təşkilinə, belə bir mənəvi əhəmiyyətli tədbirin keçirilməsinə xeyir-dua verən və dəstək olan Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov cənablarına dərin təşəkkür və ehtiramını ifadə edən QMİ sədri A. Paşazadə Azərbaycana növbəti səfərləri zamanı Zati-alilərini öz İqamətgahına təşrif buyurmağa dəvət edib.

Qardaş dövlət başçısı – Qırğız Respublikasının Prezidenti Sadır Japarov, öz növbəsində, səmimi salamlarını və ən xoş niyyətlərini Azərbaycan Prezidentinə yetirməyi rica edib. Bildirib ki, qardaş türk dövlətlərində mənəvi əlaqələrin dərinləşdirilməsi, dini-mənəvi dəyərlərin inkişaf etdirilməsi, dindən sui-istifadə edilməsinə, radikalizmə yol verilməməsi, xüsusilə, gənc nəslin əsl dini dəyərlər işığında maarifləndirilməsi ən önəmli məsələlərdəndir və bu işdə türk dövlətlərinin dini liderlərinin üzərinə böyük vəzifə düşür.

TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının üzvləri ilə görüş zamanıZati-aliləri Sadır Japarovun mənəvi əhəmiyyətli dəyərli təşəbbüslərinə türk dünyasının dini liderləri öz müştərək dəstəklərini bəyan etmiş və Uca Allahdan bu təşəbbüslərə xeyir-dualar diləmişlər.

Görüşün sonunda Qırğızıstan dövlət rəhbəri ilə kollektiv xatirə fotosu çəkilib.

Chosen
60
teleqraf.com

1Sources