EN

Demokratiya: beşiyi haradır?

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Demokratiya, daha lakonik desək, bərabər və açıq səs hüququdur. Demokratiya həm də mövcud və ya gələcək bütün sosial fikir ayrılıqları və münaqişələr üçün çarədir. Sülh, azadlıq və bir-birinin hüquqlarına hörmət şəraitində yaşamaq demoktariyanın ilkin şərtlərindədir. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı 15 sentyabr tarixini Beynəlxalq Demokratiya Günü elan edən qətnamə qəbul etdi. 2008-ci ildən hər il sentyabrın 15-də qeyd olunan Beynəlxalq Demokratiya Günü bu il 17-ci dəfə qeyd olunur.

“Demokratiya” sözü bu gün demək olar ki, hamının işlətdiyi anlayışdır. Kimsə hüququnu axtaranda, kimsə başqasına hüququnu anladanda, haqq axtarışında olanda, haqqı tapdananda hamı onun adını çəkir. Sosial kontekstdən asılı olmayaraq, kimsə açıq şəkildə “mən demokratiyaya qarşıyam” desə, çoxluğun həmin şəxsə qarşı çıxacağını bilirik, çünki demkratiya bizim gözümüzdə bizim özümüz deməkdir.

Ümumiyyətlə, hər hansı bir anlayışı düzgün anlamaq, başa düşmək üçün əvvəlcə onun etimologiyasını, kökünü, yaranma tarixini və səbəbini araşdırmaq lazımdır. “Demokratiya” sözü qədim yunan dilində “xalq” mənasını verən “demos” və “güc, hökmranlıq, iqtidar” mənasını verən “kratos” sözlərindən əmələ gəlib. Bizim dilimizə isə yunanlardan yox, fransızlardan ötürülüb. Deyə bilərik ki, “demokratiya” xalqın qüdrəti, hakimiyyəti dəstəkləyən xalq və ya xalqın hakimiyyətidir. Başqa sözlə, xalqın özünü idarə etməsidir. Demokratiyanın ən fundamental tərifi, imperiya, səltənət, knyazlıq kimi quruluşlara qarşı olmasıdır. Demokratiya bu idarəetmə formalarına qarşı çıxır.

Demokratiyada millətlər öz içlərindən namizədlərə ölkənin idarə olunmasını həvalə edir, yəni onları xalq seçir. Hökumətin növündən asılı olmayaraq, seçkilərin keçirildiyi və parlamentlərin formalaşdığı sistemlər təmsilçi demokratiya kimi müəyyən edilir. Təmsilçi demokratiya bu gün dünyada ən sistemli şəkildə istifadə olunan üsuldur. Demokratik modellərin əvvəlki dövrlərində birbaşa demokratiya növü də dominant forma idi. Birbaşa demokratiyada qərarlar iştirak edən insanlar tərəfindən kollektiv şəkildə qəbul edilir. Birbaşa demokratiyanın mahiyyəti ondan ibarətdir ki, hər kəs mandat vermədən qərar qəbuletmə mexanizmlərində birbaşa iştirak edir. Texniki cəhətdən əhalinin sayının artması və idarəçilik yükünün artması səbəbindən bugünkü dövlət strukturlarında bunu eyni şəkildə həyata keçirmək çətindir, hətta mümkün deyil.

Birbaşa demokratiyanın effektivliyi ilə təmsilçi demokratiyanın funksionallığını birləşdirən digər konsepsiya iştirakçı demokratiyadır. İştirakçı demokratiyada vəkil seçkiləri hələ də mövcud olsa da, qərarların qəbulunda ictimaiyyətin iştirakı seçkilərdə səsvermə ilə məhdudlaşmır. Seçkili vəzifəli şəxslərə onların idarəetməsi zamanı səmərəli şəkildə nəzarət edən mexanizmlərin yaradılması, o cümlədən seçkidən kənar yerli qərarların qəbulunu həyəta keçirən kollegiya və ya parlamentin aşağı palatalarının yaradılması, demokratik çərçivədə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun hüquqi cəhətdən müəyyənləşdirilməsi də bu idarəetmə növündə rastlanan vəziyyətlərdir. Qısaca desək, iştirak demokratiyası seçkili məmurlara daha ciddi nəzarət və ümumi seçkilərdə səsvermədən kənar qərar qəbuletmə mexanizmlərinin mövcudluğu deməkdir.

Birləşmiş Millətlər Təşkilatı 15 sentyabr tarixini Beynəlxalq Demokratiya Günü elan edərkən həmin elanda belə bir cümlə yer almışdı: “Demokratiyaların ümumi xüsusiyyətləri paylaşmaqla yanaşı, vahid demokratiya növü olmadığını və demokratiyanın heç bir ölkə və ya regiona xas olmadığını”. Orada həmçinin qeyd edilirdi ki, “Demokratiya insanların öz siyasi, iqtisadi, sosial və mədəni sistemlərini müəyyən etmək və bu sistemlərdə tam iştirakını müəyyən etmək azad iradəsinə əsaslanan ümumbəşəri dəyərdir”. Bu cümlə iştirakçı demokratiya konsepsiyasına oxşar məqsədi nümayiş etdirir. İdarəetmə mexanizmlərində iştirak yalnız ölkənin mərkəzi hökumətində və parlamentində iştirakla məhdudlaşmamalıdır, daha çox insanların iştirakı təmin edilməlidir.

Bu gün demokratiyaya olan ehtiyac tarixin bütün dövrlərində olub. Tarix boyu insanlar krallıq, knyazlıq, sultanlıq kimi idarəetmələrdə öz səslərinin olmamasından narahat olub. Bu gün dünyada hələ də təmsilçi demokratiyanın tətbiq olunmadığı ölkələr var. Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrdə monarxiya və əmirlik statusu davam edir, hətta demokratik cəhətdən inkişaf etmiş hesab edilən bəzi Avropa ölkələrində, məsələn, İspaniya, Böyük Britaniya və Norveçdə də bu cür hakimiyyət hələ mövcuddur. Həyat hələ davam edir, tarix də hələ minilliklər boyu uzanacaq. Nəticə etibarilə, yeni idarəetmə sistemləri təkamül edəcək, yeni nəzəriyyələr, yeni modellər meydana çıxacaq. Seçkilərin keçirildiyi və istənilən şəxsin o seçkidə namizəd ola bilmə kimi bir azadlığının olması demokratik inkişaf vəd edir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
sesqazeti.az

1Sources