EN

Fərid Xəlilov: “Kamandan oxatmada, xüsusilə yeniyetmələr arasında böyük potensial görürük” – MÜSAHİBƏ

Azərbaycanda kamandan oxatma nəzərəçarpacaq dərəcədə inkişaf edir. Ötən il Yaylağül Rəmazanovanın Olimpiadadakı çıxışı bu prosesin əsas katalizatorlarından oldu. Yeni dövrdə isə federasiya daha da fəallaşıb: Dünya Federasiyasının rəhbərləri Bakıya səfər edib, yığmamız dünya çempionatında iştirak edib və millimizi qarşıda III MDB Oyunları gözləyir.

Azərbaycan Kamandan oxatma Federasiyasının baş katibi Fərid Xəlilov İdman.biz-ə müsahibəsində cari işlər və perspektiv planlardan danışıb.

– Dünya çempionatı ilə yanaşı, Kvanjuda Dünya Federasiyasının Konqresi də keçirildi. Sizin üçün hansı maraqlı məsələlər müzakirə olundu və əcnəbi həmkarlarınızla hansı mövzuları müzakirə etdiniz?

– World Archery konqresində iştirak bizim üçün çox əhəmiyyətli idi. Burada təkcə inkişafla bağlı əsas məsələlər müzakirə olunmadı, həm də beynəlxalq əlaqələrimiz möhkəmləndi. İki əsas istiqamət daim diqqət mərkəzindədir: uşaq-gənclər idmanının inkişafı və kamandan oxatma idmanının geniş əhali arasında təbliği. Cənubi Koreya, Serbiya, Qazaxıstan, Özbəkistan və Moldova nümayəndələri ilə təcrübə mübadiləsi oldu. Bu, ölkəmiz üçün də faydalı ola bilər.
Xüsusilə Seulda orta məktəbdə kamandan oxatma dərslərinin tədris olunması məni çox təsirləndirdi. Bu, göstərir ki, idmanı məktəbdən başlamaq nə qədər vacibdir.

– Dünya Federasiyasında yeni prezident amerikalı Qreq İston seçildi. Onun bu vəzifədəki sələfi Uğur Erdener iyul ayında Azərbaycanda səfərdə olub. Bu o deməkdirmi ki, biz təşkilat rəhbərliyi ilə münasibətləri yenidən qurmalı olacağıq?

– Artıq bilirsiniz, qurumun yeni rəhbəri amerikalı Qreq İston oldu. Onun ailəsi 100 ildən artıqdır ki, kamandan oxatma avadanlığı istehsalı ilə məşğuldur. Yəni bu sahəni dərindən bilirlər. Bizim üçün əsas məsələ – federasiya kim tərəfindən idarə olunursa-olunsun, məqsəd eynidir: kamandan oxatma idmanının inkişafı. Yeni prezidentlə artıq görüşmüşük, əməkdaşlıq davam edir.

– Dünya çempionatında yığmamızın çıxışını necə dəyərləndirirsiniz?

– Azərbaycanı Fatimə Hüseynli və Məhəmmədəli Əliyev təmsil edirdi. Onlar gənc, amma eyni zamanda təcrübəli və istedadlıdırlar. Çox yaxşı təsir bağışladılar. 104 ən güclü oxçu arasında yer almaq özü böyük uğurdur. Məhəmmədəli bir neçə raundda cüzi fərqlə uduzdu, sadəcə təcrübə çatmadı. Amma hər ikisi reytinqdə yüksələcək və növbəti yarışlarda daha uğurlu olacaqlar.

– Paris Olimpiadasında Yaylagül Ramazanovanın çıxışı əsl sıçrayış idi və çoxlarının yaddaşında qaldı. Bu, ölkədə kamandan oxatma idman növünə marağın artmasına nə dərəcədə kömək etdi?

– Əlbəttə. Bu gün də bölgələrdən federasiyaya müraciətlər gəlir, valideynlər övladlarını kamandan oxatma idmanına yazdırmaq istəyir. Federasiya olaraq Bakıda və regionlarda yeni məşq yerləri açmaq üzərində işləyirik.

– Azərbaycan çempionatı yenicə başa çatıb. İştirakçıların fəallığından nə dərəcədə razı qaldınız? Yaxın gələcəkdə yeni adlar görünə bilərmi?

– Bu, mənim kamandan oxatma üzrə ilk çempionatım idi. Yalnız müsbət rəylər aldıq. Əlbəttə, təkmilləşdirməli məqamlar var, amma bu bizi daha çox işləməyə motivasiya edir. Ən önəmlisi isə çoxlu istedadlı yeniyetmələrin, xüsusilə qızların ortaya çıxmasıdır. Bu, ölkədə yeni və perspektivli nəsil formalaşdığını göstərir. Fürsətdən istifadə edərək, bu tədbirin keçirilməsində əməyi olan hər kəsə bir daha təşəkkürümü bildirirəm, komanda 100% çalışıb. Yeni adlara gəlincə, iştirakçılar, xüsusən də yeniyetmələr arasında böyük potensial gördük.

– Kamandan oxatma idmanı III MDB Oyunlarında da təmsil olunacaq. Gözləntilər necədir?

– Yarış 23 yaşadək idmançılar arasında keçiriləcək. Biz də altı istedadlı gəncdən ibarət heyətlə hazırlaşırıq. Əminəm ki, idmançılarımız medallar uğrunda mübarizə apara biləcəklər. Yarışlar Xankəndidə - xalqımız üçün Böyük Qələbənin simvolu olan şəhərdə keçiriləcək. İnanıram ki, bu, uşaqlara əlavə motivasiya verəcək.

– Ümumiyyətlə, uzunmüddətli planlar baxımından federasiyanın strategiyası necədir? Azərbaycanda böyük turnirlərin keçirilməsi mümkündürmü?

– Uzunmüddətli planlara gəlincə, federasiyamız mütəmadi olaraq beynəlxalq turnirlər keçirməyi planlaşdırır. Gələcəkdə Avropa və dünya kuboklarının Bakıda təşkil olunması da gündəmdədir. Lakin buna qədər infrastrukturu yekunlaşdırıb, dünya səviyyəli yarışlar üçün hərtərəfli şərait yaratmalıyıq. İş başlanıb, hələlik bütün planları açıqlamaq istəmirəm, amma çox mühüm layihələr gözlənilir.

Zəki Feyzullayev
İdman.biz

Chosen
31
1
idman.biz

2Sources