EN

Ekspertdən Əmrullayevə CAVAB: “Üzr istəmək əvəzinə… ”

Elm və təhsil naziri Emin Əmrullayev bu il Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanın uğursuz nəticəsini şərh edərkən təhsil ekspertlərini hədəfə alıb. Nazir bildirib ki, olimpiada nəticələrinin aşağı düşməsi barədə rəy bildirənlərin çoxunun riyaziyyatla əlaqəsi yoxdur:

Sitat: “Bir var riyaziyyatçı danışır, bir də var hansısa xahişi yerinə yetirilməyən adam. Onların dediklərini qəbul etmirəm. Təhsil eksperti deyib ortaya çıxanlar da əslində ekspert deyil”.
Tribunainfo.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev nazirin bu fikirlərinə səssiz qalmayıb. O cavab olaraq bildirib ki, nazir üzr istəmək əvəzinə ictimaiyyəti təhqir etməklə vəziyyəti ört-basdır etməyə çalışır. Onun sözlərinə görə, nəticələr faktiki olaraq ölkədə riyaziyyat, fizika və kimyanın tədrisinin zəif vəziyyətdə olduğunu göstərir:
“Fərz edək ki, təhsil ekspertlərinin riyaziyyatdan elementar bilikləri yoxdur. Onda soruşmaq ayıb olmasın sizin və ətrafınızın bu elmdən xəbəri varmı ki, bundan danışırsınız? Sizin məntiqdən belə çıxır ki, Nazirliyin nəzdində Beynəlxalq Olimpiadalar Mərkəzində, Fizika, Riyaziyyat və İnformatika təmayyülü lisedə də riyaziyyatı yaxşı bilənlər yoxdur? Olsaydı heç olmasa bir bürünc medal qazanardıq. Özünüz dəfələrlə demisiniz ki, Fizika –Riyaziyyat təmayüllü liseydə riyaziyyatı yaxşı oxuyubsunuz. Sual verirəm. Şagird olduğunuz dövrdə yerli və Beynəlxalq Olimpiadalarda uğurunuz olubmu? Bəlkə bu barədə də danışasınız? Medalınız, tərifnaməniz varsa göstərin biz də bilək. Nə əcəb riyaziyyatçı olmadınız?
Bəs bu faktı nə tez unutdunuz? Bu barədə heç nə demirsiniz…
Bu il I ixtisas qrupu üzrə keçirilən Qəbul imtahanında 31167 abituriyent iştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6 863 nəfər 200 baldan yuxarı nəticə göstərib. Riyaziyyat-informatika alt qrupu üzrə 6848 abituriyent 200 baldan yuxarı nəticə göstərib. Sual verirəm. Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? Bu fənlərdən hətta 300 bala yaxın göstəricini belə nəzər alsaq, funksional savadsızlığa dəlalət edir… Nəzərə alaq ki, I ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal, Qəbul imtahanında isə 150 bal toplamaq mümkündür. Burdan belə çıxır ki, siz və komandanız Riyaziyyatı ekspertlərdən pis bilirsiniz. Əlahəzrət fakt bunu sübut edir”.
Ekspert son olaraq bildirib ki, əgər nazirliyin himayə etdiyi liseylər də bu nəticəni göstərə bilmirsə, deməli problem daha dərindir:
“Medal qazanan şagirdlərin çoxu başqa məktəblərin nümayəndələridir. Faktlar göstərir ki, riyaziyyat fənni üzrə ciddi böhran var”.
Qeyd edək ki, 2025-ci ildə Beynəlxalq İnformatika və Fizika Olimpiadalarında Azərbaycan şagirdləri ümumilikdə 1 gümüş, 4 bürünc medal və bir neçə həvəsləndirici mükafat əldə etmişdi.
Chosen
4
2
yenilik.az

3Sources